kriminal.az
SOCAR-da “Neftçilər Günü” münasibətilə tədbir keçirilib - FOTO/VİDEO

2022-ci il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 28-ci ildönümü və neft-qaz sənayesi işçilərinin peşə bayramı - “Neftçilər Günü” münasibətilə tədbir keçirilib.

SOCAR-dan verilən məlumata görə, ilk öncə Azərbaycan Respublikasının iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, SOCAR-ın Müşahidə Şurasının üzvü, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi Fəxri xiyabanda müstəqil Azərbaycanın qurucusu, ölkəmizin yeni neft strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla anıblar, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. 

“SOCAR Tower”də keçirilən tədbirdə iştirakçılar ulu öndər Heydər Əliyevin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən foto-sərgi, həmçinin Respublika Elmi-Texniki Kitabxanası tərəfindən təqdim olunan və neft sənayesi tarixindən bəhs edən nadir kitablar ilə tanış olublar.

“Neftçilər Günü”nə həsr olunan konfransın əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf tədbirdə çıxış edərək Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən qəhrəmancasına həlak olan hərbiçilərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyib.

“Neftçilər Günü” münasibətilə Azərbaycan neftçilərini təbrik edən Rövşən Nəcəf Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əməkdə fərqlənən bir qrup neftçinin yüksək dövlət mükafatlarına layiq görülməsinin ölkə başçısının çətin və məsuliyyətli neftçi peşəsinə verdiyi yüksək qiymətin növbəti təzahürü olduğunu bildirib və SOCAR kollektivi adından cənab Prezidentə minnətdarlığını ifadə edib.

Rövşən Nəcəf ölkəmizin dayanıqlı və inkluziv inkişafının təməlinin ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, cənab Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində “Əsrin müqaviləsi” ilə qoyulduğunu qeyd edib. SOCAR-ın prezidenti “Əsrin müqaviləsi”nin ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sənayesinin və insan kapitalının davamlı inkişafına güclü təkan verdiyini və Azərbaycanın iqtisadi qüdrətini daha da artırdığını vurğulayıb. Rövşən Nəcəf ölkə başçısının məqəsədyönlü və uzaqgörən rəhbərliyi ilə qurulan çoxşaxəli ixrac-nəql sisteminin Azərbaycanın enerji resurslarının dünya bazarlarına birbaşa çıxışını təmin etdiyini, ölkəmizin rəqabət qabiliyyətinin artmasına və enerji təhlükəsizliyinin güclənməsinə əlverişli zəmin yaratdığını deyib.

Builki “Neftçilər Günü”nün “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilk neft hasilatının 25-ci ildönümünə təsadüf etdiyini bildirən Rövşən Nəcəf bu münasibətlə bütün xarici tərəfdaşları təbrik edib, neft sənayemizin inkişafına verdikləri töhfəyə görə onlara təşəkkür edib.

Neftçilərimizi əlamətdar gün münasibətilə təbrik edən iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov “Əsrin müqaviləsi”nin və uğurla reallaşdırılan milli neft strategiyasının ölkəmizin sosial-iqtisadi inkişafına, iqtisadiyyata irihəcmli investisiyaların cəlb olunmasına, beynəlxalq aləmdə nüfuzunun artmasına və dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə xidmət etdiyini, həyata keçirilən genişmiqyaslı neft-qaz layihələrinin Azərbaycanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, tərəfdaşlarımızın etibarlı enerji təminatına da böyük töhfə verdiyini vurğulayıb.

Energetika naziri Pərviz Şahbazov neftçiləri peşə bayramı münasibətilə təbrik edib, ölkəmizdə “Neftçilər Günü”nün təsis edilməsinin Azərbaycanın neft strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin neftçi peşəsinə verdiyi yüksək qiymətin, bu peşə sahiblərinin öz əzmkar zəhmətləri ilə müstəqilliyimizin möhkəmləndirilməsində oynadıqları mühüm rolun göstəricisi olduğunu bildirib. Nazir çıxışında Azərbaycanın enerji təhlükəsizliyinin təminatında və etibarlı tərəfdaş mövqeyinə yüksəlməsində “Əsrin müqaviləsi”nin davamlı töhfələrindən bəhs edib.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək “Neftçilər Günü” münasibətilə təbriklərini çatdırıb. Bu günün həm də  Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilatın pay bölgüsü haqqında sazişin 28-ci ildönümü ilə əlamətdar olduğunu söyləyən Bəxtiyar Aslanbəyli “Əsrin müqaviləsi”nin ümummilli lider Heydər Əliyevin mükəmməl, uzaqgörən strategiyasının şah əsərlərindən biri olduğunu vurğulayıb. O bu müqavilənin həm karbohidrogen ehtiyatlarının, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biri olduğunu bildirib.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edərək bu müqavilənin ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu, qətiyyətli mövqeyi və həmin dövrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi danışıqlar prosesində iştirak edən cənab İlham Əliyevin diplomatik məharəti nəticəsində imzalandığını vurğulayıb.

Sonra SOCAR-ın Baş ofisində, strukturuna daxil olan müəssisələrdə, birgə müəssisələrdə, əməliyyat şirkətlərində və tərəfdaş şirkətlərdə çalışan və əmək fəaliyyətində fərqlənən bir qrup neftçi “Fəxri neftçi” döş nişanı və Fəxri fərmanla təltif olunub.

Daha sonra SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən neftçilərin  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladıqları təşəkkür məktubu oxunub.

Konfransda, həmçinin SOCAR-ın yeni yaradılan Könüllülər qrupunun təqdimatı keçirilib. Könüllülər qrupunun üzvü Aysu Zamanova çıxışında ölkə başçısının təşəbbüsü ilə başladılan könüllülük hərəkatının dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib, könüllülük fəaliyyətinin gənclərin müxtəlif sahələr üzrə təcrübə qazanması və mühüm biliklərə yiyələnməsi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbir çərçivəsində “Neftçilər Günün”ə həsr olunmuş “Mən fəxr edirəm ki, neftçiyəm” adlı videoçarx nümayiş etdirilib.

Top
0.23298406600952