kriminal.az
Elektrikli avtobusların üstünlükləri nələrdir? - ARAŞDIRMA + FOTO

“Bakıda 100 yeni elektrikli avtobusun istismara verilməsi planlaşdırılır”.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.

Sədrin sözlərinə görə, Bakıda avtobus parkı yenilənəcək.

Bəs avtobus parkının elektriklə işləyən avtobuslara sürətli keçidini nə zaman müşahidə edəcəyik? Ümumiyyətlə, bu, bizə maddi və ekoloji baxımdan nə verə bilər?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Elektrikli avtobusların üstünlükləri nələrdir?

İnsanların daim təmasda olduğu nəqliyyat vasitələrinin ətraf mühitə vurduğu zərər, ekologiyanı zəhərləyən qazlar həyat üçün ciddi təhlükə hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, karbon emissiyalarının 23 faizi nəqliyyat vasitələrindən qaynaqlanır. Bu zərəri azaltmaq üçün layihələr həyata keçirilir, nəqliyyat sistemi ciddi dəyişikliklərə məruz qalır. Son dövrlərdə emissiyaları azaltmaq və ictimai nəqliyyatın daha təmiz və səmərəli formasını təmin etmək üçün elektriklə çalışan avtobuslar getdikcə populyarlaşır. Bu avtobuslar şəhər və qəsəbələr üçün digərlərinə nisbətən daha münasibdir. Hazırda da bir çox ölkə elektrik avtobus parklarına böyük sərmayə qoyur. Çünki elektrikli avtobusların adi avtobuslarla müqayisədə ekoloji təmiz hava keyfiyyəti və aşağı texniki xidmət xərcləri kimi bir çox üstünlükləri var. Bundan əlavə, elektrikli avtobuslar həm sərnişinlər, həm də sürücülər üçün qabaqcıl təhlükəsizlik xüsusiyyətləri təklif edir. 

“Biz ölkə olaraq artıq buna hazırıq”

Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev bildirib ki, elektrik mühərriki ilə işləyən avtomobillər digərləri ilə müqayisədə 70-80 faiz daha qənaətcil olurlar:

“Biz bunun vacibliyi ilə bağlı bir neçə platformada öz təkliflərimizi vermişik. Artıq elektrikli mühərrik vasitəsinə keçməyin dövrüdür. Bu, hazırda bizim ölkə üçün də real və kifayət qədər sərfəlidir. Emissiyaların, zəhərli qazların atmosferə göndərilməsinin və səs çirkliliyinin qarşısını almaq üçün hazırda mövcud avtobusların elektriklə işləyən avtobuslarla əvəzlənməsi olduqca vacib və faydalıdır. Ən əsası, biz ölkə olaraq artıq buna hazırıq”.

Mütəxəssis vurğulayıb ki, yeni avtobusların alınması külli miqdarda vəsait tələb etdiyi üçün bu, mərhələli şəkildə həyata keçiriləcək:

“Bakının Baş planında tramvay xətlərinin çəkilməsi nəzərdə tutulub. Hazırda bütün dünya elektromobillər, elektrik mühərrikli avtobuslardan istifadəyə keçir. Düzdür, trolleybus, tramvay şəbəkəsini genişləndirənlər də az deyil. Amma mən metro xətlərinin inkişaf etdirilməsinin və sürətli şəkildə elektrikli avtobuslara keçilməsinin tərəfdarıyam. Tramvay da elektriklə işləyir, amma infrastrukturu yaratmaq, yenidən relsləri çəkmək, onu enerji ilə təmin etmək asan proses deyil. Eyni zamanda bilirik ki, tramvay da hərəkət etdiyi zaman az da olsa səs-küy yaradır. Bu səbəbdən elektrikli avtobusların alınması ilə bağlı addımları alqışlayıram. Gələcəkdə yeni alınan avtobusların hamısı elektrik mühərrikli olmalıdır”.

Sistem ictimai nəqliyyatda gediş haqqına necə təsir edəcək?

Elektrikli avtomobillərdən danışdıqda, onların ətraf mühitə verdiyi faydalarla yanaşı, cibə də xüsusi faydasının olduğunu mütəxəssislər tez-tez vurğulayırlar. Maraqlıdır, ictimai nəqliyyatın qənaətcil olması istifadəçilərin ciblərinə necə təsir edəcək? Gedişhaqqı azala bilərmi?

Y.Mustafayev vurğulayıb ki, bu avtobusların alınması külli miqdarda vəsait tələb edir. Yenisi alındıqca da, köhnə avtobuslar həmişə olduğu kimi bölgələrə, rayonlara göndəriləcək:

“İlk olaraq Bakının infrastrukturu yenilənir. Yəni elektrikli avtobuslar ilk olaraq kütləvi şəkildə Bakıda fəaliyyət göstərəcək. Amma yeni sistemdə tətbiq olunacaq gediş haqqı ilə köhnə arasında ciddi fərq olacağını düşünmürəm. Düzdür, elektrikli avtobusların istismarı sərfəlidir. Biri yanacaq yandırır, digəri elektrik enerjisi ilə işləyir. Amma gediş haqqının aşağı salınmasından söhbət gedə bilməz. Çünki getdikcə dünyada da, bizdə də inflyasiya baş verir. Qiymətlərin aşağı düşməsinin şahidi olmamışıq, ictimai nəqliyyatda gediş haqqı da bu qəbildəndir”.

Pilot layihə özünü doğruldub

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirib ki, biz 2024-cü ili Azərbaycanda nəqliyyat sektorunun elektrikləşmə ili kimi qəbul etməliyik:

“İctimai nəqliyyatda bu gün artıq iki pilot layihə həyata keçirilib və dövriyyəyə iki elektrik mühərrikli avtobus buraxılıb. Onlar özlərini doğruldublar. Düşünürəm ki, il ərzində xətlərdə 100-150 elektrik mühərrikli avtobusun olması mümkündür və olacaq da”.

Mütəxəssis vurğulayıb ki, burada əsas məqsəd ekosistemin yaxşılaşdırılması, əhalinin sağlamlığı və atmosferə buraxılan karbon qazının miqdarının azaldılmasıdır. Digər əsas məqam isə bu sistemin iqtisadi cəhətdən də səmərəli olmasıdır.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarına əsasən, paytaxtda müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobuslar sıxılmış təbii qaz (CNG) və elektrik mühərrikli nəqliyyat vasitələri ilə əvəz edilməlidir. Qeyd edilib ki, Avropada təmiz, alternativ yanacaqlı avtobusların genişmiqyaslı tətbiqini təşviq etmək üçün Təmiz Avtobus Bəyannaməsi (BUS2025) imzalanıb. Belə ki, dünya yollarında hərəkət edən avtobusların təqribən yarısının növbəti beş il ərzində tamamilə elektrik mühərrikli avtobuslara keçidi planlaşdırılır.

Top
0.044259071350098