kriminal.az
Mahsun Kırmızıgül Bakıda könül qapılarını şəhid ailələrinə açdı - FOTOLAR

Məşhur müğənni: “Bu gün ən sevilən mahnılarımın qonağı, ünvanı və ərmağanı sizsiniz”

İki günlük konsert proqramı ilə Bakının qonağı olan Türk musiqisinin əfsanə ismi Mahsun Kırmızıgül bu gün şəhid ailələrini özü qonaq etdi.

Hakimiyyet.az xəbər verir ki, Azərbaycana və xalqımıza olan sonsuz sevgisini dilə gətirən sənətçi konsert proqramının ardından ən dəyərli qonaqlarını - Vətən fədailərinin ailələrini bir süfrə arxasında toplayaraq, öz sevilən musiqiləri ilə onların könlünü oxşadı.

Belə ki, hər kəs onunla görüşməyə can atarkən, sevilən müğənni ən gözəl mahnılarını səhidlərimizin analarına ithaf etdi. Onları Bakı Media Mərkəzi – 13 restoranında bir süfrə arxasına toplayan Mahsun Kırmızıgül yalnız bir sənət adamı kimi deyil, həm iki dövlət, bir millətin nümayəndəsi, həm də bir oğul kimi şəhid analarına könlündən süzülən ən gözəl mahnılarını və diləklərini söylədi.

Musiqi dünyasına unudulmaz əsərlər bəxş edərək, 7-dən 70-ə hər kəsin könlündə taxt quran sənətçi “Annem-annem” mahnısını şəhid anaları üçün səsləndirərkən həm özü duyğulandı, həm də hər kəsi duyğulandırdı.

Övladlarını itirsə də, şərəfli ad qazanan şəhid analarımızın adından çıxış edən şəhid general-mayorumuz Polad Həşimovun anası Səmayə ana bu dəyərli dəvət üçün Mahsun Kırmızıgülə təşəkkür etdi. İki lider – Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin dostluğunu, “iki dövlət, bir millət” prinsipinin xalqlar arasında hər daim uca tutularaq, istər siyasi, istər də ictimai müstəvidə daim qardaşlıq nümayiş etdirdiyini xüsusilə vurğulayan Səmayə ana, bu gözəl görüş və səmimi ünsiyyət üçün Mahsun Kırmızıgülə öz xeyir-duasını və sevgisini ifadə etdi.

Bu görüşü Mahsun Kırmızıgül tərəfindən Azərbaycan şəhidinə və şəhid ailəsinə göstərilən böyük dəyər kimi qiymətləndirən şəhid Teymur Abbaslının anası Başxanım Abbasova da sevilən sənətçiyə sevgi dolu sözlərini ünvanladı.

Tədbirin aparıcılığını öz üzərinə götürən tanınmış aparıcı Jalə Həsənli bu unudulmaz görüşün həm Mahsun Kırmızıgül, həm də onun sənətini çox sevən şəhid ailələrimiz üçün böyük dəyər kəsb etdiyini vurğuladı. Qəhrəmanlarımızın ailə üzvləri ilə yanaşı, sənətçinin dəvətini qəbul edən və hər zaman ifaları ilə şəhid ailələrinin könlünü riqqətə gətirən sevilən muğam ifaçılarımız Mirələm Mirələmov və Leyla Rəhimovanın da təşrif buyurması görüşə ayrı bir rəng qatdı.

Jurnalist, yazıçı, “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı da dəyərli və millətimiz üçün hər daim əziz olan insanlarla bir süfrə arxasında görüşməyi, Mahsun Kırmızıgülün bu özəl və seçilmiş dəvətini yüksək qiymətləndirərək ona yalnız sənətçi deyil, bir qardaş, şəhid analarımıza bir övlad kimi öz minnətdarlığını və sevgisini bildirdi.

Dəvəti və musiqi ziyafətini qəbul edib bir süfrə arxasında görüşü ilə günü şərəfləndirən şəhid ailələrinə öz sevgisini bildirən Mahsun Kırmızıgül dəyərli qonaqları sırasında “Mənim  oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihələrinin rəhbəri Cəlal Qurbanovu da görməkdən böyük məmnunluq duyduğunu xüsusilə vurğuladı. “FireLand” qrupun rəhbəri Cəlal Qurbanov da öz növbəsində belə səmimi görüş, şəhid ailələrimizə göstərdiyi böyük diqqət və könüllü ünsiyyət üçün sevilən sənətçiyə öz təşəkkürünü ifadə etdi.

Möhtəşəm gündən, dəyərli dəvətdən və sevilən görüşdən geriyə həzin mahnılar, xoş təəssuratlar, sevgi, hörmət dolu şəkillər və unudulmaz bir xatirə qaldı.  

Hakimiyyet.az

Top
0.13430500030518