Məşhur türkiyəli komediya aktyoru, sosial media platformalarında və televiziyada aparıcılıq etdiyi proqramlarla tanınan Hasan Can Kaya gənc qızı evində "həbs etdiyi" ittihamı ilə saxlanılıb.
İstanbulda özəl universitetin məzun gecəsinə qatılan Nazlıcan A. adlı 23 yaşlı qız orada Hasan Can Kaya ilə tanış olub və onlar daha sonra birlikdə Kayanın Leventdəki evinə gediblər.
Gecə saatlarında Nazlıcan A. Hasanın ona yaxınlaşmasından narahat olub və evdən çıxmaq istəyib, lakin iddiaya görə, Kaya buna icazə verməyib.
Bu zaman qız mobil telefonundakı mesajlaşma proqramı vasitəsilə rəfiqəsinə olduğu yerin koordinatlarını göndərib.
"Mənə narkotik verdi, harada olduğumu bilmirəm. Evdən çıxmağıma icazə vermir", - deyə qız yazıb.
Rəfiqəsi polisə xəbər verib. Qız şikayət ərizəsi vermək istədiyini deyib və hər ikisi polis bölməsinə aparılıb. Lakin ora çatanda qız fikrini dəyişib və Kayadan şikayətçi olmayacağını bildirib.
Polis bölməsində ifadə verən Kaya isə ittihamları rədd edib və evdə həmin zaman başqa qadınların da olduğunu bildirib.
Prokurorluq Həsən Can Kayanın azadlığa buraxılması barədə göstəriş verib və lazımi prosedurlardan sonra Hasan Can Kaya sərbəst buraxılıb.
Mənbə: NTV.com.tr