"Qızıl top"un beşqat sahibi, portuqaliyalı hücumçu Kriştianu Ronaldu peşəkar futbolçu karyerasını bitirdikdən sonra məşqçi olmaq fikrində deyil.
Kriminal.Az xəbər verir ki, idmançının şərhini "A Bola" qəzeti yayıb.
"Hazırda hər hansı bir komandanın məşqçisi olmaq fikri mənim üçün uyğun deyil. Mən gələcəyimi bu istiqamətdə görmürəm. Futbola aid olmayan başqa işlərlə məşğul olduğumu təsəvvür edirəm, amma bundan sonra nə olacağını bir Allah bilir", - futbolçu bildirib.
Xatırladaq ki, Ronaldunun 39 yaşı var, o, eyni zamanda, Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli yığmalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. Futbolçu karyerası ərzində İspaniyanın "Real Madrid" klubunda çıxış edərək, klub tarixinin ən yaxşı bombardiri olub, eləcə də İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və Portuqaliyanın "Sportinq" klublarında oynayıb. O, hazırda Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun oyunçusudur.