kriminal.az
SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2035-ci ilə qədər aşağıkarbonlu istiqamət hesabına layihə portfelini şaxələndirməyi planlaşdırır".

"Report" xəbər verir ki, bunu SOCAR-ın enerji keçidi, ətraf mühit və dekarbonizasiya üzrə vitse-prezidentinin müavini Hikmət Abdullayev Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günündə keçirilən panel müzakirəsində deyib.

"SOCAR neft-qaz şirkətindən milli enerji şirkətinə necə çevriləcəyi ilə bağlı aydın baxışa malikdir. Hesab edirik ki, 2035-ci ilə qədər aşağıkarbonlu layihələr və karbohidrogen hasilatı aktivləri hesabına şaxələndirilmiş portfelimiz olacaq", - o bildirib.

H.Abdullayevin sözlərinə görə, şirkət, həmçinin, öz istixana qazı emissiyalarını analoqlar və beynəlxalq standartlarla müqayisə edilə bilən səviyyəyə endirməyi planlaşdırır.

"Biz inanırıq ki, 2050-ci ilə qədər biz tamamilə bazarda möhkəm mövqe tutan milli enerji şirkətinə çevriləcəyik. Enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyik, həmçinin neft-qaz sənayesinin iqlimə təsirinin azaldılması üçün kifayət qədər səy göstərəcəyik", - o vurğulayıb.

Top
0.11664509773254