Bakı şəhər sakini Zeynəb Həsənova 90-MO-162 dövlət nömrə nişanlı 67 nömrəli avtobusun sürücüsündən şikayətçidir.
Kriminal.Az xəbər verir ki, sürücü sərnişin avtobusdan düşərkən hərəkətə keçib:
"Bu gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 67 nömrəli marşrut xətti ilə Nərimanov istiqamətində hərəkət edirdim. Saat 08:53-də 5 nömrəli xəstəxananın qarşısında 67 nömrəli marşrutun sürücüsü qeyri-peşəkar bir hərəkət etdi. Mən avtobusdan düşərkən sürücü hərəkətə keçdi, bu zaman bir ayağım hələ avtobusda, digər ayağım isə səkidə idi. Bu vəziyyətdə müvazinətimi itirdim və xoşbəxtlikdən dostum yanımda idi, həyatımı xilas etdi".
Sərnişinin sözlərinə görə, həmin vaxt başqa bir sərnişin də iki dəfə qapı arasında qalıb:
"Bu səbəbdən avtobusda ciddi qarışıqlıq yarandı. Sürücü sərnişin düşmədən sürətlə qapını bağlayıb hərəkət etməyə çalışdı. Lakin o, heç bir şəkildə vəziyyətə reaksiya verməyib, üzr belə istəmədi. Bu hərəkətini qeyri-professional hesab edirəm və belə bir davranış qəbuledilməzdir".
Məsələ ilə bağlı daşıyıcı şirkət "Menloqq" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu ünvanlanıb.
Aygün Mirakif