kriminal.az
Sumqayıtda avtomobillərin sürət yarışı iki nəfərin ölümünə səbəb oldu - TƏFƏRRÜAT

Sumqayıt şəhərində iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Kriminal.Az "Report"a istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Sülh prospektində qeydə alınıb. Sürət yarışı keçirən 2004-cü il təvəllüdlü Elşad Məmmədov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən 1960-cı il təvəllüdlü Yavər Mehdiyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobilin yol kənarına aşması nəticəsində nəqliyyat vasitəsində olan 2003-cü il təvəllüdlü İntiqam Paşayev də dünyasını dəyişib.

Sürücü Elşad Məmmədov, Təbriz Fərəcli və Ceyhun Əliyev Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Yarışda iştirak edən və 2002-ci il təvəllüdlü Şahmar Etibar oğlu Abbaszadənin idarə etdiyi KIA markalı avtomobil də yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsi yanıb.

Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən Kriminal.Az-a bildirilib ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən KIA markalı minik avtomobili ilə "Hyundai" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən KIA markalı avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi yanıb, digər hissələri isə yanğından qorunub.

Qəza nəticəsində iki nəfər aldığı bədən xəsarətlərindən vəfat edib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır" , - məlumatda qeyd olunub.

Sumqayıtda minik avtomobilləri toqquşub, ölənlər var.

Kriminal.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh küçəsində qeydə alınıb.

"Hyundai" və KIA markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

Ölənlərin və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

Top
0.046417951583862