Bir çox insan ciddi pəhriz və yorucu məşqlər olmadan arıqlamaq arzusundadır. Ancaq çəki artımına demək olar ki, təsir etməyən məhsullar mövcuddur.
Kriminal.Az-ın "Moskva 24" nəşrinə istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim-dietoloq, nutritoloq Yevgeni Arzamastsev məlumat verib.
Mütəxəssisin sözlərinə görə, çox aşağıkalorili məhsullar var ki, orqanizm onların həzminə aldığından daha çox enerji sərf edir.
"Bu məhsullara yaşıl tərəvəzlər - brokkoli, reyhan, şüyüd, xiyar, həmçinin turş giləmeyvələr və meyvələr - mərcanı və limon aiddir", - deyə mütəxəssis izah edib.
Dietoloq qeyd edib ki, bu məhsulların istifadəsindən çəki artımı olmur.
"Əgər nahar vaxtı qarabaşaq və ya kartofun əvəzinə xiyar və ya brokkoli yesəniz, çəki azalacaq. Amma bu, həmin məhsulların kaloriliyi əvvəl yeyilənlərin enerji dəyərini azaltdığı üçün deyil, gün ərzində daha az kalori qəbul ediləcəyi üçündür", - deyə həkim vurğulayıb.
O, çəki azaltmaq üçün yalnız bu məhsullara ümid etməməyə çağırıb. Həkim bildirib ki, artıq çəki problemi ilə kompleks şəkildə, məsələn, qidalanmanı və həyat tərzini dəyişməklə mübarizə aparmaq lazımdır.