Memlərdən istifadə orta məktəb şagirdlərinin dərsləri mənimsəməsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Kriminal.Az-ın verdiyi məlumata görə, Filippindəki "Ateneo de Manila" Universitetinin alimləri bununla bağlı araşdırma aparıblar. Tədqiqatın nəticələri "Asian Journal of Biology Education" elmi jurnalında dərc olunub.
Müəyyən olunub ki, yumor və mədəni istinadların inteqrasiyası şagirdlərə öyrənilən materialı daha effektiv əlaqələndirməyə kömək edir və fənnə marağı artırır.
Layihədə dəqiq fənlərin dərindən öyrənildiyi özəl orta məktəblərin 200-dən çox 11-ci sinif şagirdi iştirak edib. Yeniyetmələr iki qrupa bölünüb: memlərdən istifadə edərək biologiya tədris olunan eksperimental siniflər və adi tədris materialları olan nəzarət sinifləri. Beş həftə ərzində hər iki qrup hüceyrə bölünməsi və genetika daxil olmaqla mürəkkəb mövzuları keçib, eksperimental qrup həm də dərslərlə bağlı öz memlərini yaratmaqla məşğul olub.
Yekun testlərin nəticələri göstərib ki, memlərdən istifadə edərək təhsil alan yeniyetmələr nəzarət qrupu ilə müqayisədə 21% daha çox bal toplayıblar. Onlar orta hesabla 21,46, ikinci qrup isə cəmi 17,74 düzgün cavab veriblər.
Bundan əlavə, memlər vasitəsilə biologiyanın öyrənilməsi gənclərə fənnə qarşı daha müsbət münasibət formalaşdırmağa və elmi konsepsiyaları başa düşmək və tətbiq etmək qabiliyyətinə daha çox əminlik verib.