Bakının Əmircan qəsəbəsində yerləşən və zirzəmisində cəsədlər aşkar olunan Əmir Nizaməddin məscidi hazırda nəzarətsiz və baxımsız vəziyyətdədir.
Kriminal.Az Xəzər TV-yə istinadən bildirir ki, ətrafı qənbər daşları ilə döşənmiş bu məscidin tarixi çox qədimlərə, 1329-1330-cu illərə gedib çıxır. Rəvayətə görə, məscid Şirvanşahlar dövründə, Əmir Nizaməddin Kəsrani tərəfindən qaya üzərində tikilib.
Ehtimal edilir ki, zirzəmi XIX əsrin əvvəllərində baş vermiş müharibələr və basqınlar zamanı sığınacaq kimi istifadə olunub. Lakin sonradan bura sərdabə kimi xidmət edib. Tədqiqatlar zamanı burada tabutlar və insan skeletlərinə rast gəlinib. 1920-ci ildən sonra sərdabə bağlanıb və orada dəfn qadağan olub.
Əmircan kənd sakini Tehran Qarayusifli bildirib ki, bu tarixi məkan 2022-ci ildə Bakı Abadlıq Xidməti tərəfindən əsaslı təmir olunub və tarixi abidənin orijinal görkəmi qorunub. Lakin bir sıra problemlər hələ də həllini gözləyir.
Tehran Qarayusifli, həmçinin məscidin zirzəmisindəki cəsədlərin qorunmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, XIV əsrə aid olan Nizaməddin məscidinin zirzəmisi ilə bağlı məsələ diqqətdə saxlanılacaq.
Ətraflı süjetdə: