"F.M.D.I AZERBAIJAN" MMC-yə məxsus tibbi vasitənin (vakuumlu kəpənək) son istifadə tarixinin bitməsi ilə bağlı yayılan video ilə əlaqədar şirkətin təsisçisi və nümayəndə heyəti Analitik Ekspertiza Mərkəzinə dəvət edilib.
Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən qeyd olunub.
Məlumata görə, şirkət nümayəndələri bildiriblər ki, Çin Xalq Respublikasına məxsus "Shandong Qınkaı Medıcal Industry CO" LTD adlı istehsalçı zavod tərəfindən son istifadə tarixində texniki səhv olduğundan onun üzərinə yeni istifadə tarixli stiker yapışdırılıb:
"F.M.D.I AZERBAIJAN" MMC-nin nümayəndələrinə izah edilib ki, qutunun üzərinə yeni istifadə tarixli stiker yapışdırılması, qablaşdırma pozuntusu kimi qiymətləndirilir. Bu səbəbdən məhsulun satışdan geri çağırılması tapşırılıb.
Geri çağırılan məhsul aktlaşdırıldıqdan sonra müvafiq qaydada məhv ediləcək.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 07 12), [email protected] elektron ünvanı və ya pharma.az saytının müraciət bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir".
Bakı şəhəri, Türkan qəsəbəsi sakini Vüqar Əmirov Suraxanı rayonu, Hövsan qəsəbəsindəki aptekdən şikayətçidir.
Bu barədə Kriminal.Az-a şikayət ünvanlayan vətəndaş bildirib ki, aptekdən sistem qoşmaq üçün aldığı "kəpənəy"in son istifadə müddəti keçib:
"Sistem qoşmaq üçün Hövsan qəsəbəsindəki aptekdən "kəpənək" aldım. Lakin onun üzərindəki son istifadə müddəti 2023-cü il olmasına baxmayaraq, üstünə 2028-ci il yazılan yeni tarix yapışdırılıb".
Ətraflı məlumat üçün videogörüntünü təqdim edirik:
Xatırladaq ki, tibbi iynə düyməsi - "kəpənək" iynəsi kimi də tanınan qantoplama dəsti test və ya donorluq üçün qan nümunələri əldə etmək məqsədilə istifadə edilən tibbi cihazdır.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlanıb.
Qurumdan bildirilib ki, görüntülər araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Aygün Mirakif