Balakən sakini Məhəmməd Hudulov adına Meşəşambul kənd tam orta məktəbinin şəraitsizliyindən şikayətçidir.
O, bu barədə Kriminal.Az-a şikayət ünvanlayaraq bildirib ki, məktəb təmirsiz vəziyyətdədir:
"Məktəbin təmir olunmasına, ya da sökülərək yenidən tikilməsinə ehtiyac var".
Məktəbin vəziyyəti ilə əlaqədar fotoları təqdim edirik:
Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə tədris ilinin sonunda təmir olunması nəzərdə tutulub:
"Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri başlıca prioritetlərimizdəndir. Son iki il ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan 100-dən çox məktəbdə cari, bir məktəbdə əsaslı təmir işləri aparılıb və səkkiz məktəb binası sökülərək yenidən tikilib. 2024-2025-ci tədris ilində iki məktəbin sökülərək yenidən tikilməsi və 100-dən çox təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur.
Balakən rayonunun Meşəşambul kənd tam orta məktəbinin vəziyyəti barədə məlumatlıyıq, təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə tədris ilinin sonunda cari təmir olunması nəzərdə tutulub. Bildiririk ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir".
Aygün Mirakif