Soyuqdəymə və KRVİ - soyuq mövsümün yol yoldaşlarıdır. Bəs xəstələnən zaman nələri etmək olar, nələri olmaz?
Kriminal.Az-ın verdiyi məlumata görə, rusiyalı allerqoloq-immunoloq Aleksandr Andreyev özünün "Telegram" kanalında bununla bağlı tövsiyələrini bölüşüb.
Yüksək hərarət zamanı bürünmək olar?
Həkimin sözlərinə görə, termometrin göstəricisi 38,5°C-dən yuxarı qalxıbsa (yaşlı insanlarda 38°C-dən yuxarı), bürünmək qəti tövsiyə edilmir.
"Əksinə, bədənin soyuması üçün şərait yaratmaq lazımdır: yüngül geyim geyinmək, artıq düymələri açmaq, yorğanı götürmək... Əlavə olaraq xəstəni nəm salfetlə və ya dəsmalla silmək olar", - deyə Aleksandr Andreyev məsləhət görür.
O bildirib ki, əks göstəriş olmadıqda hərarəti salan dərman qəbul etmək olar.
Yeri gəlmişkən həkimlər qızdırmanın ilk əlamətlərində - temperatur 37 dərəcəni keçən kimi dərman içməyi .
Otağı havalandırmaq xəstəliyi ağırlaşdırar?
Həkimin sözlərinə görə, əslində bu faydalıdır - xəstənin olduğu otağın müntəzəm havalandırılması havanı oksigenlə zənginləşdirir, zəifləmiş orqanizmə virus yükünü azaldır və ətrafındakıları yoluxdurmamağa kömək edir, ancaq bəzi qaydalara əməl etmək lazımdır.
"Bu zaman xəstənin başqa otağa keçməsi və otaqda temperaturun həddindən artıq aşağı düşməməsi vacibdir. Prosedurun məqsədi otağı təmiz hava ilə doldurmaqdır, soyutmaq deyil", - deyə immunoloq vurğulayıb.
Gəzintiyə çıxmaq zərərli deyil?
Həkimin sözlərinə görə, təmiz hava qan dövranını yaxşılaşdırır, bu da sağalmağı sürətləndirə bilər.
"Lakin gəzinti qısa (15-20 dəqiqə), sakit templə, isti və küləksiz havada olmalıdır. Soyuqlamaqdan, bədəni soyutmaqdan çəkinmək vacibdir", - deyə o bildirib.
Bununla belə həkim xəbərdarlıq edib ki, əgər soyuqdəymə yüksək hərarət, güclü öskürək, baş ağrısı, ümumi zəifliklə müşayiət olunursa - gəzinti əks göstərişdir.
"Orqanizm istirahətə və istiliyin qorunmasına ehtiyacı var ", - deyə Aleksandr Andreyev bildirir.
Soyuqdəymə zamanı başı yumaq olar?
"Soyuqdəymə zamanı hərarət yoxdursa və özünüzü yaxşı hiss edirsinizsə, başı yumaq olar. Ancaq bundan sonra isti geyinmək lazımdır, soyuqlamadan qorunmaq çox vacibdir!", - deyə həkim vurğulayıb.
Bəs çimmək necə?
Həkim bildirib ki, əgər KRVİ yüngül formada, hərarətsiz keçirsə, qısa müddətli isti duş qəbul etmək olar.
"Özünüzü necə hiss etdiyinizə diqqət yetirmək lazımdır. Yüksək hərarət, güclü öskürək, təngnəfəslik, boğaz ağrısı və digər kəskin simptomlarda çimmək qəti qadağandır. KRVİ zamanı hovuzda üzmək başqalarını yoluxdurmaq riski və soyuqlama ehtimalı səbəbindən tövsiyə edilmir", - deyə immunoloq xəbərdarlıq edib.