"Aktiv vergi ödəyicilərinin sayına baxsaq, bu göstərici 2019-cu illə müqayisədə 1.8 dəfə artaraq 2024-cü ildə 800 mini keçib. İqtisadi sistem üçün əhəmiyyətli hesab etdiyimiz kateqoriya, yəni ƏDV ödəyicilərinin sayı 52.8 min təşkil edir. Burada da 3 dəfəyə yaxın artım var".
Kriminal.Az xəbər verir ki, bu fikirləri "VERGİ XİDMƏTİ - 25: Davamlı inkişaf və effektiv transformasiya" forumunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
Xidmət rəisi bildirib ki, vergi qanunvericiliyində təsdiq edilmiş vergi təşviqlərinin hesabına 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 471 minədək, o cümlədən qeyri-neft üzrə özəl sektorda 443 mindən çox artıb:
"Vergi islahatları nəticəsində qeyri-neft üzrə özəl sektorda əmək müqavilələrinin artımı 82.1% təşkil edir. Bu günə özəl bölmədə əmək müqavilələrinin sayı dövlət sektorunu üstələyir ki, bu da əmək bazarının əhəmiyyətli leqallaşmasını ifadə edir. Həmçinin 2024-cü ildə cəmi əməkhaqqı fondu 23.9 milyard manata çatıb ki, burada da 2018-ci illə müqayisə etsək, ümumilikdə 2.5 dəfəyədək, qeyri-neft üzrə özəl sektorda isə 2.7 dəfə artım müşahidə olunur.
Yeri gəlmişkən, Azərbaycanın əmək bazarında apardığı islahatlar Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib".
Məhərrəm Əliyev