"Yuxu üçün ən pis poza qarnıüstə uzanmaqdır".
Kriminal.Az-ın xəbərinə görə, "HuffPost" nəşri yuxu üzrə məşqçi (kouç) Ceyms Uilsonun bu barədə fikirlərini dərc edib.
Mütəxəssisin sözlərinə görə, qarnıüstə yatmaq onurğa sütunu, boyun, omba, diz və daxili orqanlar üçün zərərlidir.
"Gecə istirahəti zamanı bədənin bu vəziyyətdə qalması travmalara, fəqərələrin yerindən çıxmasına, boyunun dartılmasına səbəb ola, həmçinin yuxunun keyfiyyətini və davamlılığını pisləşdirə bilər", - deyə o bildirib.
Uilsonun qeyd etdiyinə görə, qarnıüstə yatmağa daha təhlükəsiz alternativ yan tərəfə uzanıb ayaqlarının arasına yastıq qoymaqdır.
Mədə-bağırsaq xəstəlikləri üzrə ixtisaslaşmış cərrah Karan Racan da bu fikirlə razıdır. Onun sözlərinə görə, mədə-bağırsaq pozğunluqları zamanı sağ tərəf deyil, sol tərəf üzərində yatmaq daha faydalıdır. Bu vəziyyət, həkimin bildirdiyinə görə, mədənin içindəkilərinin qida borusuna daxil olmasını çətinləşdirir ki, bu da turşu reflüsünün riskini azaldır.