Avropanın ən böyük avtomobil istehsalçısı olan "Volkswagen" şirkəti 2024-cü maliyyə ilində xalis mənfəətinin 30.6% azaldığını bildirib.
Şirkətin bütün dünya üzrə 9 milyon avtomobili satılıb ki, bu da 2.3% azalma deməkdir. 2023-cü ildə bu rəqəm 9.2 milyon ədəd olub.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Bild" nəşri məlumat verib.
Məlumata görə, Cənubi Amerikadakı artım Çin bazarındakı itkiləri kompensasiya edə bilməyib. Şimali Amerika və Avropadakı satışlar əvvəlki illə müqayisədə sabit qalıb.
Ötən il dövriyyə bir qədər artaraq 324.7 milyard avroya (+1%) çatsa da, vergilərin ödənməsindən sonra mənfəət kəskin şəkildə azalıb. 2023-cü ildə mənfəət 17.8 milyard avro idisə, indi 12.3 milyard avro təşkil edir.
Şirkətin maliyyə direktoru Arno Antlits bunu yaxşı nəticə hesab edir:
"Çətin rəqabət şəraitində biz 2024-cü ildə layiqli nəticələr əldə edə bildik", - deyə o bildirib.
Builki dividendlər adi səhm üçün 6.30 avro (imtiyazlı səhm üçün 6.36 avro) təşkil edəcək ki, bu da əvvəlki ilə nisbətən 30% azdır.