"Rusiya ABŞ tərəfi ilə Ciddədə ABŞ-Ukrayna danışıqlarının nəticələrini müzakirə etməyə hazırdır və martın 13-də Rusiya nümayəndələrinin ABŞ danışıqçıları ilə görüşü baş tuta bilər".
Kriminal.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə çıxışı zamanı deyib.
Bu bəyanat ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffun Rusiyaya gəlişi ilə bağlı xəbərlər fonunda verilib.
Zaxarova qeyd edib ki, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlardan sonra Rusiya hər hansı rəsmi müraciət almayıb, lakin ABŞ tərəfi ilə müzakirələrə hazırdır.
"Biz ABŞ və Ukrayna nümayəndələri arasında martın 11-də Ciddədə baş tutan görüşü yaxından izləmişdik. Görüşün yekununda qəbul edilmiş və müxtəlif ideyalardan ibarət olan bəyanatla tanış olmuşuq. Hazırda bu məsələ ilə bağlı bizə rəsmi müraciət daxil olmayıb", - deyə o bildirib.
"Öz tərəfimizdən ABŞ tərəfi ilə gələcək təmaslar zamanı orada qeyd olunan təşəbbüsləri müzakirə etməyə hazırıq. Onu da deyə bilərəm ki, belə təmasların bu gün də baş tutması mümkündür. Onların nəticələri barədə mütləq sizə məlumat verəcəyik", - deyə Mariya Zaxarova qeyd edib.