Azərbaycan Qiymətləndiricilər Palatası Özbəkistanın paytaxtı Daşkənd şəhərində region qiymətləndiricilərinin beynəlxalq konfransında iştirak edir.
Kriminal.Az xəbər verir ki, bu barədə Qiymətləndiricilər Palatası məlumat yayıb.
Bildirilib ki, bu gün Daşkənddə region qiymətləndiricilərinin beynəlxalq konfransı keçirilir. Tədbirdə Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr kimi türk dövlətləri ilə yanaşı, Gürcüstan qiymətləndiriciləri və digər beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirlər.
Konfransda ölkəmizi Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyi başda olmaqla, 10 nəfərdən ibarət tərkibdə nümayəndə heyəti təmsil edir. Tədbirdə ölkəmiz, həmçinin "Yapı Kredi Bank Azərbaycan" bankının üç nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunur.
Konfransın mahiyyəti türk dövlətləri və digər region ölkələrinin qiymətləndiriciləri arasında əlaqələrin genişləndirilməsi, faydalı və qarşılıqlı münasibətlərin qurulması, mümkün birgə fəaliyyət mexanizmlərinin hazırlanması, təcrübə mübadiləsinin aparılması, ümumilikdə qiymətləndirmə sektorunun problemləri və müasir dövrün tələblərinə cavab verən qiymətləndirmə standartlarının müzakirəsindən ibarətdir. Konfransda qonaq qismində yeddi ölkədən və beynəlxalq təşkilatlardan 100-dən çox nümayəndə iştirak edir.
Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədri Nüsrət İbrahimov konfransda çıxış edərək yeni yaranan palata haqqında məlumat verib, həmçinin Beynəlxalq Qiymətləndirmə Standartlarının 2025-ci il üzrə yanaşma və metodlarına dəyişikliklərin tətbiqi mövzusunda məruzə edib.