"Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətləri tamamilə yenidən qurmağa və təmiz səhifədən strateji tərəfdaşlığa başlamağa can atır. Tbilisi və Vaşinqtonun dəyərləri üst-üstə düşür və indi başlıcası konkret addımlar atmaqdır".
Oxu.Az "Sputnik Gürcüstan"a istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"ABŞ ilə strateji tərəfdaşlığın təmiz səhifədən bərpası xarici siyasətimizin əsas prioritetlərindən biridir və bu baxımdan, xarici işlər nazirimizlə ABŞ səfiri arasında baş tutmuş görüş çox vacibdir. ABŞ ilə strateji tərəfdaşlığa konkret vəzifələrin əks olunacağı yol xəritəsi ilə başlamaq istəyirik" , - deyə o vurğulayıb.
Baş nazir əlavə edib ki, bütün bunlar böyük ölçüdə ABŞ-də "dərin dövlət"in yekun nəticədə nə dərəcədə məğlub olacağından asılıdır:
"Dərin dövlət"i tam məğlub etmək mümkün olsa, ikitərəfli münasibətlərin yenidən qurulmasına heç nə əngəl olmayacaq".