"Azərbaycanda pensiya yaşı 2017-ci ildə qəbul edilmiş qaydalara əsasən müəyyənləşir. Həmin qaydalar həm kişilər, həm də qadınlar üçün pensiya yaşını müəyyənləşdirir və bu yaş dəyişdirilir. Fikrimcə, beş və daha çox uşağı olan analara pensiyaya çıxma yaşında güzəştlər tətbiq edilsə, yaxşı olar. Eyni zamanda, yalnız olan analar üçün də güzəştlərin tətbiq edilməsi məqsədəuyğundur".
Bu sözləri Oxu.Az-a açıqlamasında pensiya yaşı ilə bağlı yeni yanaşmaların mahiyyətindən danışan millət vəkili Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, dünya praktikasında pensiya yaşının müəyyənləşdirilməsi zamanı orta ömür müddəti əsas meyar olsa da, bir çox ölkələrdə qadınlar kişilərdən daha tez pensiyaya çıxırlar.
O, bunun qadınların pensiya yaşı ərəfəsində daha çox sosial təminata ehtiyacının yaranması ilə əlaqəli olduğunu bildirib.
"Bir sıra ölkələrdə, o cümlədən bəzi Avropa ölkələrində, məsələn, Polşada qadınlar kişilərlə müqayisədə daha tez pensiyaya çıxırlar", - deyə deputat vurğulayıb.
Vüqar Bayramov əlavə edib ki, bir çox ölkələrdə pensiya yaşında diferensial yanaşma mövcuddur və onun təklifi də məhz bununla bağlıdır:
"Qadınların pensiyaya kişilərlə müqayisədə daha tez çıxması və bu yanaşmanın qorunub-saxlanması məqsədəuyğun olar".
Bundan əlavə, deputat bəzi ölkələrdə digər keyfiyyət meyarlarından istifadə edildiyini qeyd edib:
"Məsələn, çoxuşaqlı anaların pensiyaya daha tez çıxması ilə bağlı qanunvericilik mövcuddur. Pensiya islahatları çərçivəsində yalnız kəmiyyətin deyil, həm də keyfiyyət meyarlarının tətbiqi vacibdir. Bu, sosial təminata ehtiyacı olan vətəndaşlar üçün daha ədalətli bir sistem yaradacaq".
Məhərrəm Əliyev