Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı Ri Sol Cu bir il yarımdan sonra ictimaiyyət qarşısına çıxıb.
Kriminal.az NTV-yə istinadla xəbər verir ki, Ri əri Kim və qızları Ju Ae ilə birlikdə ölkənin yoxsul sahillərində tikilmiş dəbdəbəli kurortun açılış mərasimində iştirak edib.
O, bu dəfə dəbdəbəli italyan brendi "Gucci"yə aid olduğu düşünülən çanta ilə görüntülənib. Çantanın təxminən 2000 dollara satılan “Gucci GG Marmont” çiyin çantası olduğu bildirilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Pxenyanın nüvə və ballistik raket proqramlarını hədəf alan sanksiyalarının bir hissəsi olaraq Şimali Koreyaya lüks malların ixracı qadağan edilib. Lakin belə məhsulların ölkəyə gömrük yoxlamasından azad edilən diplomatik kuryerlər vasitəsilə gətirildiyi bildirilir.
Mütəxəssislərin fikrincə, rejimin 2023-cü ilin sonunda rəsmi maaşları 10 dəfə artırmaq qərarına baxmayaraq, orta Şimali Koreyalı işçi hələ də ayda cəmi 30 min Şimali Koreya vonu - təxminən 4 dollar qazanır.
Qeyd edək ki, Ri Sol Cu sonuncu dəfə 2024-cü il yanvarın 1-də dövlət mediasının dərc etdiyi fotolarda görünüb.
Billurə Yunus