kriminal.az
Taliban çağırır: Əfqanıstan yeni turizm istiqamətinə çevriləcəkmi?

Beynəlxalq təcridə baxmayaraq, Əfqanıstan tədricən turistlər – xüsusən də risk etməyə hazır olan macərapərəstlər üçün cəlbedici istiqamətə çevrilir.

Kriminal.az Qaynarinfo-ya istinadən xəbər verir ki, son dövrlərdə bu ölkəyə təkcə fərdi səyyahlar deyil, həm də təşkil olunmuş turist qrupları üz tutur. Bu isə Taliban hərəkatının – ölkədə de-fakto hakimiyyəti əlində saxlayan qüvvənin – turizm sektorunu məqsədyönlü şəkildə inkişaf etdirməyə başlaması ilə bağlıdır.

"The Independent" nəşrinin sitat gətirdiyi Taliban rejiminin turizm üzrə nazir müavini Kudratulla Camal bildirib ki, Əfqanıstan xarici turistləri qarşılamağa və onlarla qarşılıqlı əlaqə qurmağa hazırdır.

"Turizm ölkəyə bir çox fayda gətirir. Biz bu faydaları nəzərə almışıq və istəyirik ki, ölkəmiz onlardan tam istifadə etsin", deyə Camal bildirib.

Taliban turizmi dağılmış iqtisadiyyat üçün çıxış yolu kimi görür

Taliban nümayəndəsi qeyd edib ki, xarici investisiyaların azalması fonunda turizm ölkə iqtisadiyyatı üçün potensial çıxış yoluna çevrilə bilər.

"Hal-hazırda bu sahədən xeyli gəlir əldə edirik və ümid edirik ki, gələcəkdə bu gəlirlər daha da artacaq", deyə Camal vurğulayıb. 

Onun sözlərinə görə, turistlərin xərcləri digər sahələrə nisbətən daha geniş sosial təbəqələr arasında bölüşdürülür.

"The Independent" yazır ki, Taliban həqiqətən də turistlərin ölkəyə səfərini asanlaşdırıb. Turist vizaları tez və asan şəkildə verilir. Paytaxt Kabul Dubay və İstanbul kimi əsas tranzit mərkəzlərindən həftədə bir neçə dəfə kommersiya reyslərini qəbul edir. Bundan əlavə, ölkəyə quru yollarla daxil olmaq da mümkündür.

Hətta turist qəbulu üçün kişilərdən ibarət kadrların hazırlanması məqsədilə xüsusi ali təhsil müəssisəsi də yaradılıb.

Turist axını artır, amma təhlükə qalır

Hazırda ölkəyə gələn turistlərin sayı azdır, lakin artım müşahidə olunur. Ötən il Əfqanıstana təxminən 9000 xarici səyyah baş çəkib, bu ilin ilk üç ayında isə artıq 3000-ə yaxın turist qeydə alınıb.

Buna baxmayaraq, təhlükəsizlik məsələləri hələ də başlıca problem olaraq qalır. 2021-ci ilin avqustunda Talibanın hakimiyyətə qayıtması ilə 40 ildən artıq davam edən vətəndaş müharibəsinin aktiv fazası dayansa da, ölkədə hələ də terror təhlükəsi mövcuddur.

Ölkədə İŞİD terror qruplaşmasının filialı aktiv fəaliyyət göstərir. Məsələn, ötən il Əfqanıstanın əsas turizm məkanlarından biri olan Bamyanda baş verən terror hücumunda altı nəfər, o cümlədən üç ispan turist həlak olub.

Əfqanıstana səfərlərin etik tərəfi də sual altındadır

Bununla yanaşı, turizm sahəsində canlanma fonunda Talibanın sərt teokratik diktaturası və qadınlara qarşı həyata keçirdiyi ayrı-seçkilik də beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur.

Hazırda Əfqanıstanda qadınlar yalnız ibtidai təhsil ala bilər, onların işləyə biləcəyi sahələrin sayı məhduddur. Qadınlar üçün geyim qaydaları çox sərtdir və onlara parklar, idman zalları kimi ictimai məkanlara getmək qadağandır.

Bununla belə, Taliban nümayəndələri bildirir ki, ölkə həm kişi, həm də qadın turistləri qarşılamağa hazırdır. Xarici qadınlara tətbiq edilən dini məhdudiyyətlər daha yumşaqdır: onlar baş örtüyü taxmaq şərti ilə bəzi ictimai məkanlara daxil ola bilir və çox vaxt onlardan üzü örtmək tələb olunmur.

"Qanun və adətlərimizə hörmət edənlər artıq buraya səfər ediblər və gəlməyə davam edə bilərlər", deyə turizm naziri vurğulayıb.

Top
0.060851097106934