Yeni elmi araşdırma göstərib ki, dünyanın müxtəlif bölgələrində yerləşən su anbarlarında toplanan nəhəng su kütlələri Yer kürəsinin fırlanma oxunu dəyişməyə başlayıb.
Kriminal.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu nəticələr "Live Science” nəşrində yayımlanan və "Geophysical Research Letters” jurnalında dərc olunan araşdırmada təqdim olunub.
Alimlərin izahına görə, bəndlərdə saxlanılan suyun ümumi çəkisi Yer səthində və daxili qatlarda kütləni yenidən paylayır, nəticədə sərt yer qabığı mantiyanın üzərində "sürüşərək” Yer kürəsinin qütblərinin mövqeyini dəyişdirir. Bu proses "həqiqi qütb dəyişməsi” (true polar wander) adlanır və Yer oxunun səthə nəzərən istiqamətinin dəyişməsi ilə xarakterizə olunur.
Tədqiqatçılar 1835–2011-ci illər arasında dünya üzrə tikilmiş 6862 bəndin təsirini öyrəniblər. Bu bəndlərdə toplanan suyun həcmi ümumdünya okeanının səviyyəsini 23 millimetr aşağı salıb. Eyni zamanda bu su kütlələrinin çəkisi Yer kürəsinin oxunu 1,1 metr məsafədə dəyişdirib.
Kompüter modelləşdirilməsi nəticəsində alimlər qütb dəyişməsinin iki əsas mərhələsini müəyyən ediblər:
Birinci mərhələ (1835–1954): Bu dövrdə Şimali Amerika və Avropada iri bəndlərin tikintisi ilə əlaqədar Şimal qütbü 20 sm şərq uzunluğunun 103-cü meridianına (Rusiya, Monqolustan və Çin ərazilərindən keçən xətt) doğru hərəkət edib.
İkinci mərhələ (1954–2011): Bu mərhələdə Şərqi Afrika və Asiyada bəndlərin kütləvi tikintisi nəticəsində qütb 57 sm qərb uzunluğunun 117-ci meridianına (Şimali Amerikanın qərbi və Sakit okeanın cənub hissəsi) doğru dəyişib.
Alimlər qeyd edirlər ki, bu dəyişikliklər Yer kürəsində gündəlik həyat və iqlim prosesləri üzərində nəzərəçarpacaq təsir göstərmir. Lakin bəndlərin dünya okeanının səviyyəsinə təsiri ciddi olaraq qalır. Bəndlər axar suları saxladığı üçün okeanlara daxil olan suyun miqdarını azaldır. Bu səbəbdən, okean səviyyəsinin gələcəkdə artımını proqnozlaşdırarkən bəndlərin yaratdığı təsir də nəzərə alınmalıdır.