kriminal.az
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə sosial media rəhbərləri ilə mühim görüş keçirilib.

Kriminal.az xəbər verir ki, bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə sosial mediada (instagram ve telegram) aktiv kanal rəhbərləri və səhifə idarəçiləri ilə görüş keçirilib.

İyirmiyə yaxın sosial media fəalı olan jurnalistin dəvət edildiyi görüşü giriş sözü ilə Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq iştirakçıları rəhbərlik etdiyi qurumun missiyası barədə məlumatlandırıb. O bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da informasiya məkanı genişlənməkdədir. Bir zamanlar internet üzərindən yayımlanan kütləvi informasiya vasitələri ənənəvi medianı sıxışdırırdısa, artıq sosial mediadakı aktiv kanallar və səhifələr cəmiyyətdə populyardırlar. Onlar ictimai rəyə təsirləri getdikcə artmaqdadır. Azərbaycan Mətbuat Şurası bu təsirin ictimai faydalarını görmək istəyir.

MŞ sədri çıxışında onu da bildirib ki, görüş həm Azərbaycan Mətbuat Şurasını narahat edən məqamlara aydınlıq gətirmək, həm də sosial media fəallarının üzləşdikləri çətinliklərlə tanış olmaq məqsədi daşıyır. R.Məcid həmçinin Mətbuat Şurasının sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciətinin də olduğunu vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, qurumun Etika Komissiyasının sədri, professor Qulu Məhərrəmli çıxışında sözügedən müraciət barədə ətraflı məlumat verib. Q.Məhərrəmli MŞ-nin informasiya məkanındakı problemlərin media müstəvisində həllinin tərəfdarı olduğunu vurğulayaraq bildirib ki, söz və ifadə azadlığının dəyər kimi qorumaq vacibdir. Buna görə də etik prinsiplər önə çəkilməlidir.

MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli çıxışında informasiya məkanında ictimai maraq və mənafelərin qorunmasının peşə etikasına riayətdən asılı olduğunu əsaslandırıb və bildirib ki, bu, həm də cəmiyyətin gözləntisidir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Hacıbəy Heydərli, Yadigar Məmmədli və Aqil Ələsgər də sosial mediadakı vəziyyət haqda danışıblar. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb, Şuranın sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciəti məqbul qiymətləndirilib.

Top
0.042044878005981