kriminal.az
Mikayıl Müşfiqin mobil telefonu...

Qan Turalı yazır...

Görkəmli türk şairi İsmət Özəlin “Cəlladıma gülümsəyərkən çəkdirdiyim şəklin arxasındakı sətirlər” şeiri belə başlayır: 

Hər şey mənə yaşarkən oldu, bunu bilsin insanlar
Mən yaşarkən qopdu tufan,
Mən yaşarkən təzədən yaradıldı kainat,
Hər şeyi gördüm, içim rahat.

Son illəri, hətta 1990-cı ildən bu yana ötüb-keçən dövrləri xatırlayarkən 1984-cü ildə yazılan bu şeirin nə qədər aktual olduğunu görürük. Elə 80-lərdə doğulanlar görün, nə qədər şey görüblər: 20 Yanvar hadisələri, SSRİ-nin dağılması, Xocalı soyqırımı, I Qarabağ müharibəsi, keçid dövrü illəri, internetin ardınca sosial medianın yaranması... Son illərdə isə pandemiya, 44 günlük zəfər müharibəsi, Rusiya-Ukrayna müharibəsi... 11 sentyabr, ABŞ-nin Əfqanıstan, İraq işğalı, Ərəb baharı, İŞİD məsələsi... Lap elə son günlərdə İran İsrail münaqişəsi. Saydıqca bitmir, tükənmir...

Bu və bu kimi əlamətdar hadisələrin hər biri bizim beynimizdə, şüurumuzda, ruhumuzda dərin və silinməz izlər qoyur. Cəmiyyət heç görünmədiyi qədər dəyişir, inkişaf edir, biz ona adaptasiya oluruq, uyğunlaşırıq. Ya da uyğunlaşa bilmir, keçmişin xəyalı ilə yaşayırıq. Beləcə, zaman keçib-gedir... Zaman bizə baxmır, o daim öz yolundadır. Və daim irəli doğru hərəkət edir. 

Bizə adi görünən mobil telefonunun kəşfi belə insani münasibətlərdə yeni bir era yaratdı. Telefon kəşf edildikdə əvəzsiz şairimiz Mikayıl Müşfiq belə yazırdı:

Neçin ruhlanmasın bu yeni şair,
Çapar gözləməyir canan elindən,
Çılğın arzuları eşqinə dair
Mərhəmət ummayır səba yelindən.

Doğrudan da, XX əsrin əvvəllərində çapara, səba yelinə ehtiyac qalmamışdı. Yeni kəşflər yeni adətlər, ənənələr və son nəticədə də yeni insanlar yaradırdı. Doğrudur, insan daha çox cari qayğılarla yaşayır, bu günü düşünür. Uzunmüddətli düşünməyə can atmır, ancaq bununla belə bir çox insanın bu davranışı dəyişiklikləri inkar etmir.

Burda ən mühüm məsələ insan düşüncəsinin bütün bu dəyişikliklərə çətin adaptasiya olunmasıdır. Çünki, insanların bir çoxu bu yeni dövrdə hələ də öz köhnə düşüncələrində ilişib qalırlar. Artıq elə bir zaman gəlib ki, ən adi bir insan belə canlı yayım açıb öz günün, öz məişətini başqaları ilə bölüşür. Demək olar ki, gizli, məhrəm heç nə qalmayıb. Bütün günü gözümüz ekranlardadır - televizor, telefon, kompüter ekranlarında... Ekranlara aludə olmuşuq. Bütün həyat orada baş verir. İnsanlar ekranlar üçün yaşayır sanki... 

Əslində insanlar həm də buna görə ümidsizdirlər. Heç kimin özünə ayıracaq zamanı yoxdur. Hamının gözü ekrandadır. Özünü ora üçün hazırlayır, orada necə görünəcəyini düşünür. Bu, insanda əvvəldən də var olan bir xüsusiyyət idi. Ancaq müasir dünya görsəniş dünyasıdır, insanlar sosial şəbəkə üçün geyinir, harasa gedir, it saxlayır, idman edir, kitab oxuyurlar. Bir sözlə, hər şey sosial media üçündür. 

Bütün bunlar isə son nəticədə insanı xoşbəxt edə bilməz. Çünki biz virtual dünyada yox real dünyada yaşayırıq. Hər nə qədər özümüzü aldatsaq belə bu, ən böyük həqiqətdir. 

İndi bütün bu yaşadıqlarımıza XV əsrin gözündən baxaq. XV əsrdə yaşayan birinin gözündən baxaq. Hər şey necə də absurd görünür. O dövrdə yaşayanlar bunu heç xəyallarına da gətirə bilməzdilər. Misal üçün, bir cəngavərin ağlına da gəlməzdi ki, gələcək dövrdə kimsə “Facebook”da kiməsə söz soxacaq, kiməsə hədə-qorxu gələcək. Halbuki, o zamanlarda bütün gərgin münasibətlər qılıncla həll olunardı. 

Ancaq Mikayıl Müşfiq isə bu günün görüntülü danışığını əvvəlcədən sezməyi bacarmışdı: 

“Əvət, böylə qalmaz yarın bu ölkə,
Telefonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə”.

Göründüyü kimi, poetik istedadın üfüqləri daim genişdir... 

Top
0.060337066650391