kriminal.az
Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Lent.az-ın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi üzrə məsul Vüsal Cahangiri məlumat verib.

Şöbə müdiri deyib ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaradıb:

“Elektron viza birillik və çoxgirişli verilir. Bəzi işbaz şirkətlər və yaxud fərdlər isə vətəndaşların başını aldadaraq elektron viza ilə Həcc ziyarətinə, daha ucuz qiymətə aparacaqlarını bildiriblər. Bizdə olan məlumata görə, hazırda təxminən 500-ə yaxın vətəndaş bu işbazların qurbanıdır. Keçən il də belə işbazların çoxlu qurbanı olub, onlardan pul yığıblar, lakin apara bilməyiblər, xeyli vətəndaşın pulları batıb. Bununla bağlı bizdə dəqiq məlumatlar var, həmin şəxslərin əlaltıları bu il eyni vizalarla vətəndaşları aldadıblar.

Həcc ziyarəti üçün xüsusi viza alınır. Krallıqda Həcc ziyarətinə getmək üçün xüsusi sahələr və ərazilər var - Ərəfat, Mina, Müzdəlifə. Bu yerlərə yalnız Həcc vizası ilə daxil olmaq mümkündür.

Vətəndaşlardan xahiş edirik ki, bu cür təşviqedici təkliflərə aldanmasınlar. Səudiyyə Ərəbistanı Krallığının müvafiq nazirlikləri bundan tam xəbərdardırlar və bu barədə tədbir görməyə hazırlaşırlar. Elektron vizalarla Həcc ziyarətinə getmək istəyənləri deportasiya və cərimələr gözləyir”.

Top
0.053524017333984