kriminal.az
Aşağı Güzdəkdə təhlükə: “Göl zəhərli ilanlar, vəhşi heyvanlarla doludur” - FOTO

“Aşağı Güzdək qəsəbəsində, Güzdək stansiyasına yaxın ərazidə yaşayırıq. Təxminən 50 metr aralıda. Çirkabdan, kanalizasiya sularından yaranan süni göl xəstəlik mənbəyidir. Yoluxucu xəstəliklərin tüğyan etdiyi bir vaxtda bu göl sakinlər üçün təhlükə yaradır. Xüsusilə də uşaqlar üçün. Vəhşi heyvanlar gölə yığışırlar. Mən gölün şəkillərini cəsarət edib yaxından çəkib sizə yollaya bilmədim. Bilirsiniz niyə? Çünki bu çirkabın ətrafı zəhərli ilanlarla doludur. Nəzərə alsaq ki, qarşıdan yay gəlir və ilanlar ərazidə daha da çoxalacaq, bu, ikiqat təhlükəyə çevrilir. Gölün üfunət iyini heç demirəm. Sahibsiz itlər də çoxdur. Stansiyanın binası da uçuq vəziyyətdədir. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik, amma bir nəticəsi yoxdur. Belə getsə, yeni bir xəstəliyin başlanğıcı elə burada qoyulacaq. Bu göl və çirkab, antisanitar vəziyyət bilavasitə buna səbəbdir”.

Bunu Moderator.az-a açıqlamasında Aşağı Güzdək sakini Məhəmməd Yusifli deyib.

Mövzu ilə bağlı Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinə sorğu ünvanlanıb. Özünü təqdim etməyən bələdiyyə işçisi hektarlarla torpağın su altında qaldığını deyib:

“Birincisi, sualı niyə telefonla verirsiniz? Bizim burada bələdiyyə sədrimiz var, yaxınlaşın, sualı yerində ünvanlayın, cavabı da alın. İkincisi də çirkab sular Binəqədi rayonundan oraya axır. Bu problemi həll etməyə yalnız “Azərsu” ASC-nin gücü çatar. Onu bələdiyyə etməyib ki! Bələdiyyənin özünün də neçə hektarlarla torpağı suyun altında qalıb. Kimin xoşu gəlir ki, orada belə göl olsun?! Kənd camaatı da, biz də bu çirkab sulardan əziyyət çəkirik”.

Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən isə: “Sədr müavini Ruhiyyə xanım yerində deyil, 15 dəqiqəyə zəng edərsiniz”, - cavabı verilib. Təkrar zənglər isə cavabsız qalıb.

Top
0.044567108154297