kriminal.az
Anar Quliyev federasiya prezidenti oldu

Azərbaycan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.

Kriminal.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün nazirliyin inzibati binasında baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Tədbirdə federasiya prezidenti Şahin Mövsümov çıxış edib. O, təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Oxatma Federasiyasının rəhbərliyinə seçki keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev federasiyanın prezidenti seçilib.

Yığıncaqda Azərbaycan Oxatma Federasiyasının yeni prezidenti Anar Quliyev çıxış edərək, göstərilən etimada görə təşəkkür edib, qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Top
0.084100961685181