"Mart ayında dostum Aydan Salahovanın ad günündə Bakıda idim və o mənə Azərbaycan brendlərinin satıldığı mağazaya getməyi tövsiyə etdi. Oradan alış-verişlə çxıdım, hətta təyyarədə uçarkən belə fikirləşdim ki, qayıtmaq və daha çox şey almaq lazımdır".
Bu barədə Kriminal.Az-a rusiyalı model, teleaparıcı Svetlana Bondarçuk danışıb.
"Baku Fashion Week"in ikinci mövsümünün qonağı olan S.Bondarçuk hələlik çox az şey gördüyünü etiraf edib, lakin gördüklərini çox bəyəndiyini vurğulayıb.
"Mən görürəm ki, Azərbaycanda moda Şərq motivləri üzərində qurulub. Müasir dəb olsa belə, Şərqin əhval-ruhiyyəsindən ilhamlanır. Burada qadın arzulanan olmalıdır. Bu "arthouse" modası deyil, çox spesifikdir. Amma bu baxışı bəyənirəm", - deyə həmsöhbətimiz ölkəmizdəki dəbi şərh edib.
Bakı haqqında danışarkən o, Azərbaycanın paytaxtı ilə bağlı hər şeyi bəyəndiyini qeyd edib.
"Buraya tez-tez qayıdıramsa, bu onu göstərir ki, şəhər mənim ürəyimcədir. Burada çoxlu dostum var. Şəhərin memarlığını, mədəni DNT-sini, gözəl insanları, ləzzətli yeməklərini çox bəyənirəm... Əsas məsələ buradan vaxtında getməkdir, əks halda asanlıqla azı üç kiloqram çəki ala bilərsən", - deyə S.Bondarçuk zarafatla qeyd edib.
Firəngiz Ağalarova