kriminal.az
Zatulin qısqırdılmaq üçün postda əyləşdirilib və özünü də ona verilən təlimata uyğun aparır-Açıqlama

“Xankəndidə Ayvazovskiyə qoyulan büstün sökülməsi ilə bağlı Rusiyada qaldırılan hay-həşir və bura hətta Mixail Şvıdkoy kimi birinin də cəlb edilməsi növbəti dəfə sözü gedən dövlətin mahiyyətini ortaya qoyur. Və mümkündür ki, indiyədək Ermənistanın sərgilədiyi davranışın, yalanları göz deşə-deşə özünü haqqı tapdanan, incidilən, qısnanan kimi təqdim etməsinin də arxasında elə həm də onu forpostuna çevirən dayanırmış”. 

Kriminal.az  xəbər verir ki, bunu Milli Məcliisn deputatı Sahib Alıyev deyib. Deputat bildirib ki, hələ 2021-ci ilin noyabrında  rus hərbi kontingentinin  bu abidələrini qoyanda bunun nə anlam daşıdığıyla bağlı fikir bildirmişdim.
 
Deputat əlavə edib ki, ona görə də Qarabağda peyda olduqları gündən oradan çıxanadək mən bir dəfə də Rusiyanın hərbi kontingentini sülhməramlı adlandırmamışam: “Çünki elə həmən seyrangahın salınması və orada qoyulan büstlər də açıq-aydın göstərirdi ki, burada sülh yox, işğal məramlılıqdan söhbət gedir. 

Biz bunu görmürdükmü? Əlbəttə görürdük və ona görə də zərgər dəqiqliyi ilə düşünülmüş, ardıcıl şəkildə atılan addımlarla nə etməli idiksə, onu da etdik. Rusiya hərbi kontingenti üçtərəfli bəyanatda nəzərdə tutulduğundan da bir il qabaq Qarabağla Şərqi Zəngəzurdan çıxarıldı.
İndi gələk, Ayvazovskinin sökülən büstü qarışıq Qarabağdakı işğal rəmzlərinin varlığına. Onların Azərbaycandan izinsiz ora qoyulmaları beynəlxlaq hüquqa görə qəti qadağandı və məsuliyyət yaradır. Çünki «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il Haaqa Konvensiyası və onun iki Protokolunda (1954, 1999) ərazisində sülhməramlılar yerləşdirilən dövlət özü izn verməzsə, üstəlik, özlərinin mandatında da bu yoxdursa, onların işğal altında olan, yaxud da mübahisəli sayılan ərazidə abidə qoymaları, yaxud da daim orada qalacaq mədəni obyekt tikmələri qadağan edilir. Yeri gəlmişkən, ölkəmiz sözü gedən Konvensiyanın 1999-cu il martın 26-da imzalanmış İkinci Protokoluna qeyd-şərt ilə qoşulmuşdu. Orada bildirilir ki, Azərbaycan Respublikası "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına İkinci Protokol"un 9-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "işğal edilmiş ərazinin səlahiyyətli milli orqanları" dedikdə, Protokolun iştirakçısı Tәrәfin bütün ərazisində yerləşən mədəni sərvətlərin qorunması məsələləri ilə məşğul olan mərkəzi dövlət orqanını başa düşür. 

Soruşuram: Rusiya hərbi kontingentinin Ayvazovskiyə, eləcə də digərlərinə orada büst qoymaq mandatı vardımı? Yox! Buna Azərbaycandan izn alınmışdımı? Xeyr! 

Kim də olmasa, Vladimir Putinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy gözəl bilir ki, hərbi kontingentlərinin Qarabağda etdiyi o özbaşınalıq qanunsuz olduğu qədər də mədəniyyətdən uzaq idi. Reallığı bilə-bilə bu adamın niyə Konstantin Zatulin sayaq davrandığı əlbəttə, sirr deyil. 
Baxın, Zatulin neçə ildir ki, Rusiya Dövlət Dumasında MDB və daha bir neçə məsələlər üzrə Komitə sədrinin birinci müavindir. MDB üzvü olmuş və hələlik üzvülükdə qalan ölkələrin bir neçəsində, hətta forpost Ermənistanda belə persona non qrata elan edilən bu ünsürün hakimiyyət partiyasının təmsilçisi kimi uzun illərdir sözü gedən komitənin gah sədri, gah da sədrinin birinci müavini postunu tutması nə anlam daşıyır? O anlam daşıyır ki, Zatulin ayrı-ayrı MDB üzvlərinin üzərinə qısqırdılmaq üçün həmən postda əyləşdirilib və onun həddini aşan hərəkətləri özfəaliyyət deyil, verilən təlimata uyğun özünü aparır. Yəni Zatulincəsinə davranış, heç də Zatulinlik məsələ deyil. Bir daha vurğulayıram ki, məhz bu davranışlarına görə Zatulin Rusiyanın bir neçə qonşusunda arzuedilməz şəxsdir. İndi qoy Kremldəkilər düşünsünlər, əgər Zatulin arzuolunmaz biridirsə, onda onu bu cür davranışa təhrik edənlər kimdir?”

Mürtəza

Top
0.060560941696167