Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "KazMunayQaz" Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə tranzitinin həcminin artırılması məsələsini müzakirə edir.
Bu barədə "Report"un Astanadakı müxbirinə Qazaxıstanın paytaxtında Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında iştirak edən Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov bildirib.
Lakin o, Azərbaycanın əsas ixrac neft kəməri ilə Qazaxıstan neftinin nəqlinin həcminin nə qədər artırılmasının planlaşdırıldığına cavab verməkdə çətinlik çəkib.
Nazir müavini xatırladıb ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" layihəsi hazırlanıb.
"Əminəm ki, sənədin imzalanması əlaqələrimizi strateji səviyyəyə qaldırmağa kömək edəcək", - O.Zeynalov vurğulayıb.
O, çərşənbə axşamı Astana görüşündə çıxışı zamanı bildirib ki, ümumilikdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli inkişaf edir.
O.Zeynalov ötən ilin martından Qazaxıstan neftinin BTC kəməri ilə nəqlinin bərpasını xüsusi qeyd edib: "Bu əməkdaşlığın müsbət dinamikası gələcəkdə neft nəqlinin səviyyəsini artırmağa imkan verir".
"KazMunayQaz" şirkətinin mətbuat xidmətinin məlumatına görə, 2023-cü ildə Aktau limanından BTC sisteminə 1 milyon tondan bir qədər çox Qazaxıstan nefti göndərilib. Bu ilin birinci yarısında bu rəqəm 700 min tondan çox olub.
Xatırladaq ki, 2022-ci ildə "KazMunayQaz" və SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik həcmi 1.5 milyon ton olan neftin tranziti üzrə 5 illik müqavilə bağlanılıb.