Bələdiyyələrin birləşdirilməsi müsbət hal olsa da, bu prosesdə müəyyən qüsurlara yol verilib.
Kriminal.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Vasif Qafarov deyib.
Deputatın sözlərinə görə, Lerik rayonunda bələdiyyələrin birləşdirilməsi zamanı kəndlərin adlarında səhvlər buraxılıb:
“Belə ki, Lerikdə bələdiyyələrin birləşdirilməsi nəticəsində 18 kəndin adı düzgün yazılmayıb. Kənd adları qeyd olunarkən ya hərf səhvinə yol verilib, ya da hərflər düşüb. Bu yanlışlıqlar aradan qaldırılsa yaxşı olar”, – o bildirib.
Vasif Qafarov həmçinin şəhid adlarının əbədiləşdirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, bəzən kənddə bir şəhidin olmasına baxmayaraq, onun adının əbədiləşdirilməsi və ya məktəbə verilməsi ilə bağlı problemlər yaranır:
“Təklif edərdim ki, istisna hal kimi bir şəhid olan kəndlərdə məktəbə həmin şəhidin adı verilsin”, – deputat vurğulayıb.
Məsələyə münasibət bildirən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı mövcud qanun çərçivəsində addımlar atılır:
“Qanunun tələbinə uyğun olaraq məktəb və tədris müəssisələrinə ilk növbədə Milli Qəhrəman və Vətən Qəhrəmanlarının adları verilir. Bəzən bir kənddə 5 şəhid olur, amma məktəb yalnız bir nəfərin adı ilə adlandırıla bilər. Bu o demək deyil ki, şəhidlərə diqqət və qayğı göstərilmir. Sadəcə, ölkədə təxminən 5 min məktəb, 15 minə yaxın şəhid var və burada müəyyən çətinliklər meydana çıxır. Bu məsələlər şəhid ailələri ilə görüşlərdə izah olunur. Onların adı məktəb və tədris müəssisəsinə verilməsə də, parklar və digər yerlərə verilərək əbədiləşdirilə bilər. Yəni bu məsələlər qanunun tələblərinə uyğun şəkildə həllini tapmalıdır”, – komitə sədri bildirib.
Mürtəza