"Şükürlər olsun ki, Olimpiadadan əliboş qayıtmadım".
Bunu "Report"un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
Azərbaycan yığmasının üzvü üçüncü yer uğrunda görüşdə qələbə qazandığı üçün sevincli olduğunu söyləyib:
"Məni dəstəkləyən və qələbəmə sevinən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Bürünc medal qazandığım üçün xoşbəxtəm. Amma təbii ki, qızıl medalın sevinci bir başqa olardı. Şükürlər olsun ki, Olimpiadadan əliboş qayıtmadım. Sanki güləşçilərimizin üzərində qara buludlar var idi, medal qazana bilmirdilər. İnşallah, digər güləşçilərimiz uğurun davamını gətirəcəklər".
Qeyd edək ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə qırğızıstanlı Amantur İsmayılova 8:0 hesabı ilə qalib gəlib. Bununla da o, Azərbaycanın güləş yığmasının aktivinə ilk medalı yazdırıb.