Yasamal rayon sakini Yasəmən İbrahimova "Nizami City" yaşayış kompleksinin fəaliyyətindən şikayətçidir.
Kriminal.az xəbər verir ki, problemini Sitat.info vasitəsilə ictimailəşdirməyə çalışan vətəndaş bildirir ki, şirkət evinin dörd tərəfini hasara alaraq, tikinti işləri aparır.
Bildirilir ki, Yasəmən İbrahimovanın evinin ətrafı xarabalığı xatırladır.
"Dörd bir tərəfdə nəhəng kranlar işləyir, hər an təhlükəli vəziyyət yaşana, faciə baş verə bilər. Ərazidə nəinki tikinti normaları pozulub, sanki vətəndaşın evinin içərisində iş gedir", - sayt yazır.
Y.İbrahimova deyir ki, ağır texnikaların işləməsi səbəbindən evində dərin çatlar yaranıb, evin uçmaq təhlükəsi var. Ən təhlükəlisi isə odur ki, tikinti aparılan ərazi ilə ev arasında cəmi 3 metrlik məsafə var.
Qeyd edilir ki, oxşar hadisə ötən il də baş vermişdi. Saytların yazdığına görə, F.İbrahimbəyov küçəsi ev 16-nın sakini ilə "Nizami City" MTK arasında qalmaqal yaşanıb.
Məsələ ilə bağlı "Nizami City" yaşayış kompleksinin nümayəndələrinin də mövqeyi videoreportaja əlavə olunub. Sözügedən şirkətin əslən İmişli rayonundan olan Afiq adlı iş adamına məxsus olduğu bildirilir.