Dağıstanlı hakerlər avqustun 14-də baş tutacaq Superkubok matçından əvvəl İspaniyanın "Real Madrid" və İtaliyanın "Atalanta" klublarının oyunçularına aid məlumat bazasını şəbəkəyə sızdırıblar.
Kriminal.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, komandanın futbolçuları və məşqçiləri ilə bağlı aşağıdakı məlumatlar açıqlanıb: pasport nömrələri, telefon nömrələri və ünvanlar.
Qarşılaşmanın keçiriləcəyi Polşanın "Legiya" stadionunun heyətinə aid məlumatlar da açıqlanıb.
Bütün akkreditə olunmuş jurnalistlərin, VİP sektorda xidmət göstərən ofisiant və barmenlərin, eləcə də təmizlik işçilərinin məlumatları da dərc edilib. Hadisəyə səbəb olaraq Avropa Futbol Assosiasiyaları İttifaqının saytındakı nasazlıq göstərilir. Təşkilat sonradan təhlükəsizlik sistemindəki boşluqları aradan qaldırıb, lakin məlumatlar artıq ictimaiyyətə açıqlanıb.
Xatırladaq ki, "Real Madrid" - "Atalanta" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Superkubok uğrunda görüşdə Çempionlar Liqasının və Avropa Liqasının qalibləri qarşılaşacaqlar.