kriminal.az
Azərbaycanın güləş millisi dünya çempionatında iştirak edəcək

Azərbaycanın 17 yaşadək güləşçilərdən ibarət millisi İordaniyanın paytaxtı Ammanda keçiriləcək dünya çempionatında iştirak edəcək.

Kriminal.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, çempionatın ilk günlərində yunan-Roma güləşi üzrə yarışlara start veriləcək.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Şahid Nəbiyev (45 kq), Əmrah Əmrahov (48 kq), Turan Daşdəmirov (51 kq), Əli Nəzərov (55 kq), Ayxan Cavadov (60 kq), Emil Abdullayev (65 kq), Yusif Əhmədli (71 kq), Orxan Hacıyev (80 kq), Səid Paşayev (92 kq) və Abdullah Həsənov (110 kq) uğur qazanmağa çalışacaqlar.

Daha sonra böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun yetirmələri mübarizəyə qoşulacaqlar. Qızlardan ibarət komandada Nəzrin Əhmədli (40 kq), Esra Məmmədli (49 kq), Fatimə Bayramova (53 kq), Fidan Babayeva (57 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) yer alıblar.

Mundialın son günlərində sərbəst güləşçilər xalçaya çıxacaqlar. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (45 kq), Hacıhüseyn Əhmədzadə (48 kq), Muhəmməd İsmayılov (51 kq), Hüseyn Hüseynov (55 kq), Hüseyn İsmayılov (60 kq), İsa Yusibov (65 kq), Nihad Abasov (71 kq), Məhəmməd Abbaszadə (80 kq), Fərhad Süleymanlı (92 kq) və Muxamad Qantemirov (110 kq) ölkəmizi təmsil edəcəklər.

Yarışda I dərəcəli hakimlərimizdən Tural Əliyev və Həbib Nurulu ədaləti qoruyacaqlar.

Qeyd edək ki, dünya çempionatı avqustun 19-dan 25-dək keçiriləcək. Cari ilin ilk mundialında 576 yeniyetmənin iştirakı gözlənilir. Görüşlər hər gün Bakı vaxtı ilə saat 09:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə saat 17:00-da start götürəcək.

Top
0.080515146255493