kriminal.az
Heydər Əliyev adına NEZ-in Mərkəzi Laboratoriyası beynəlxalq akkreditasiyadan keçib

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) laboratoriyası EN 590 sınaq parametrlərinə uyğun olaraq Avro-5 dizel məhsulu üzrə beynəlxalq ISO/IEC 17025 akkreditasiyasını əldə edib.

Kriminal.Az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, Türkiyə Akkreditasiya Mərkəzinin (TÜRKAK) həyata keçirdiyi akkreditasiya auditindən sonra avqustun 20-də qurumun rəhbəri Banu Müderrisoğlu müvafiq sertifikatları "SOCAR Downstream Management" MMC şirkətinin baş direktoru Emil Alxaslı və şirkətin laboratoriyalar üzrə direktoru Volkan Şenola təqdim edib.

Akkreditasiyanın əsas üstünlüyü NEZ laboratoriyasının sınaq nəticələrinin beynəlxalq səviyyədə tanınmasıdır. Beynəlxalq Laboratoriya Akkreditasiya Qurumu (ILAC) tərəfindən beynəlxalq akkreditasiyanın əldə edilməsi ixrac bazarlarına daha asan çıxış imkanı yaradır və etibarlı məhsul keyfiyyətini təmin edir.

ISO/IEC 17025 akkreditasiyası beynəlxalq standartlara uyğunluğun və texniki səriştəliliyin ən etibarlı göstəricisi olmaqla yanaşı, tərəfsizlik və məxfilik aspektlərini də ehtiva edir.

Hazırda zavodun laboratoriyasının Azərbaycan Akkreditasiya Mərkəzində (AZAK) akkreditasiyasının tamamlanması üzrə işlər həyata keçirilir.

Top
0.038383007049561