kriminal.az
Azərbaycanda sığortalanacaq investisiyaların yuxarı həddi müəyyən edilib

"Azərbaycanda ödəmə qabiliyyətini itirmiş investisiya şirkətlərində investorların pul vəsaitlərinin və maliyyə alətlərinin itirilməsi riski üzrə sığortalanacaq məbləğin maksimal həddi 100 min manat səviyyəsində müəyyən edilib".

Bunu "Report"a "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) İctimai Birliyinin icraçı direktoru Murad Yəhyayev bildirib.

Onun sözlərinə görə, bununla bağlı "Əmanətlərin Sığortalanması haqqında" qanuna investisiya hesablarının sığortalanması ilə bağlı dəyişiklik ediləcək.

M.Yəhyayev investisiya hesablarının sığortalanması məsələsinə aydınlıq gətirərək bildirib ki, investisiya şirkəti müflis olduqda, müştərinin investisiya hesabında olan 100 min manata qədər olan vəsait kompensasiya ediləcək.

"Banklar müflis olduqda hesablarında olan sığortalanmış əmanətlər kompensasiya edildiyi kimi, investisiya şirkəti də müflis olduqda investisiya hesablarındakı pul vəsaitləri sığortalandığı halda sahiblərinə qaytarılacaq", - deyə AFBİA-nın rəhbəri qeyd edib.

Onun sözlərinə görə, sığorta investisiya hesabında yerləşdirilən valyutasından asılı olmayaraq maksimum hədd 100 min manat ekvivalentində olmaqla bütün vəsaitlərə şamil ediləcək.

Qeyd edək ki, 2021-ci ilin aprelindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 20 min manatdan çox olmayan məbləğdə əmanətləri, həmçinin vətəndaşların 100 min manatadək əmanətləri sığorta sisteminə daxildir (xarici valyutada depozitlər üzrə isə 100 min manat ekvivalentində). Azərbaycanda 1 iyun 2020-ci ildən əmanətlərin illik sığortalanma faizi manat əmanətləri üzrə 12%, xarici valyuta əmanətləri üzrə isə 2.5%-dir.

Top
0.041878223419189