kriminal.az
Manatla bağlı iddiaların iqtisadi əsası varmı?

Pərviz Heydərov yazır...

Ölkəmizin valyuta bazarında artıq, 9 ildir sabitlik hökm sürür. Zaman-zaman manatın mövqeyi ilə bağlı müxtəlif müzakirələr gedir, bəzi hallarda ölkə valyutasının ABŞ dolları qarşısında dəyər itirəcəyi ilə bağlı da fikirlər səslənir.

Halbuki səslənən bu fikirlərin heç bir məntiqi və iqtisadi əsası yoxdur. Qəribədir, bəziləri də müddəti bəhanə gətirərək bildirirlər ki, məzənnə 9 ildən çox eyni səviyyədə qaldığından, manat istər-istəməz ucuzlaşmalıdır. Bu fikir hansı məntiqə əsaslanır məlum deyil.

Bəs, həqiqət necədir?! Ümumiyyətlə, valyutanın dəyər itirməsi vaxt baş verə bilər? Devalvasiya müddətdən asılı məsələdirmi?!

Əvvəl sonuncu sualdan başlayım. Cavab olaraq bildirim ki, xeyr. Devalvasiya müddətdən asılı məsələ deyil və bu, ildə bir neçə dəfə də baş verə bilər, 10 ildən çox bir zaman ərzində heç baş verməyə də. Baxır, valyuta bazarı hansı formada tənzimlənir... İnzibati qaydada, yoxsa sərbəst üzən məzənnə rejimi əsasında.

Xarici valyuta gəlirləri çoxkanallı xarakter daşıyan ölkələrdə valyuta bazarı sərbəst üzən məzənnə rejimi əsasında, eyni kanallı ölkələrdə isə adətən inzibati qaydada tənzimlənir.

Azərbaycanda devalvasiya sonuncu dəfə ildə iki dəfə olmaqla birincisi 21 fevral 2015-ci ildə, ikincisi isə 21 dekabr 2015-ci ildə baş verib: Milli Bank (Mərkəzi Bank (AMB)) manatın 1 dollara görə dəyərini əvvəl 1,05 azn, sonra isə 1,55 manat səviyyəsində müəyyən etmişdi.

2016-cı ilin əvvəlində isə adıçəkilən qurum bəyan etdi ki, ölkədə yumşaq üzən məzənnə rejiminə keçir. Çünki əvvəlki ildə iki dəfə devalvasiyaya baxmayaraq, məzənnədə tarazlığı qoruyub saxlamaq üçün ABŞ dolları ilə intervensiyaya yenə ehtiyac qalırdı. Milli Bank-ın rəsmi ehtiyatları isə tükənmək üzrə idi.

Beləcə, manatın taleyi tam olmasa da hərracların ümidinə buraxıldı. Nəticədə 1 ABŞ dolları 2 manatadək bahalaşdı. Lakin qeyd olunan ilin ikinci yarısından etibarən neftin dünya bazar qiymətləri sabitləşdikdən sonra manat dollara münasibətdə 1,70 AZN məzənnədə qərarlaşdı.

Lakin təbii olaraq, yenə də əsas etibarı ilə AMB-nin qərarı ilə...

Yuxarıda verilən ilk, yəni manatın növbəti dəfə devalvasiyası gözlənilirmi sualına gəldikdə, ölkənin tədiyyə balansı göstəricisinin müsbət saldoda qaldığı, xarici ticarət dövriyyəmizdə ixracın idxaldan üstün olduğu, ümumiyyətlə xam neftin dünya bazar qiymətlərinin dövlət büdcəmizdə fiksə olunan qiymətdən yuxarı təşkil etdiyi şəraitdə bu, heç bir şəkildə baş verə bilməz.

Niyə ?!

Əvvəla, ölkədə valyuta tənzimlənməsində üzən məzənnə rejimi fəaliyyət göstərmir və nə vaxt göstərəcəyi də bəlli deyil. Bayaq da xatırlatdım ki, 2016-cı ildə buna cəhd edildi, amma alınmadı. Çünki ölkəyə xarici valyuta axını yalnız bir kanal və yaxud mənbə hesabına daxil olur ki, milli valyutamızın dəyəri neftin və qazın kənara satış qiymətlərindən asılı vəziyyətdədir.

Bəli, sərbəst üzən məzənnə rejimi ən mükəmməl alətdir və vacib hesab edilir. Ancaq bunun tətbiqi hətta real şəraitdə belə manatın ucuzlaşacağı ilə nəticələnəcəyindən məqsədəuyğun hesab edilmir.

Belə ki, ölkədə bir sıra iqtisadi tələblərdən irəli gələrək xarici valyutaya tələb artan kimi ajiotaj ortaya çıxmaqla manat kəskin dəyərsizləşə bilər.

Ölkənin valyuta bazarında ABŞ dollarına ötən ildən etibarən artan tələb buna misaldır. Valyuta bazarımızda artıq, 9 ildir davam edən mövcud sabitliyin tezliklə pozulacağı və manatın ABŞ dolları qarşısında 1,70 AZN hədəfindən çıxaraq ucuzlaşacağı haqda fikir elə məhz bu səbəbdən sonra qaynamağa başlayıb.

Belə ki, ortada valyuta bazarına təzyiq yaradacaq heç bir iqtisadi, maliyyə və s. baxımından amil və əsas olmadığı halda AMB tərəfindən keçirilən hərraclarda ABŞ dollarına tələbin artması dövriyyəyə devalvasiya söhbətini atıb.

Yeri gəlmişkən, AMB-nin məlumatına əsasən cari ilin yanvar-avqust aylarında keçirilən valyuta hərraclarında 5 milyard 074,2 milyon ABŞ dolları satılıb ki, bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox deməkdir.

Lakin, bunun təsir və təzyiq yaradacağını demək üçün heç bir əsası yoxdur.

Digər tərəfdən, devalvasiya hökumətə də sərfəli deyil. Nə büdcə planlaşdırması, nə sosial, nə qiymətlərin tənzimlənməsi, nə ümumi balans və strategiya baxımından bu, məqsədəuyğun hesab edilmir. İqtisadiyyatda rəqabət imkanları geniş xarakter daşısaydı, o zaman bu məsələyə baxmaq olardı. Ancaq bu şəraitdə də elə sərbəst üzən məzənnə rejimi daha məqsədəuyğun sayılacaqdı.

O ki qaldı devalvasiya nə zaman baş verə bilər sualına, yuxarıda yazdıqlarımı bu sualın cavabı kimi qəbul etmək olar. Ancaq bir iş var ki, xarici ticarət dövriyyəmiz enir, ötən ildən etibarən ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi azalır. Səbəb təkcə, neft-qaz sektoruna aid deyil, qeyri-neft-qaz məhsullarının da ixracının və dəyərinin azalmasındadır.

Neft-qaz sektoru məhsullarının ixracda payı yüksək olduğundan, onun azalması fonunda qeyri-neft-qaz sektoruna daxil məhsulların ixracı gərək azalmasın, artsın. Bizdə isə idxal getdikcə genişlənir. Bir tərəfdən də neftin qiyməti düşür. Nə vaxtsa həddindən artıq yüksək olacağı daha gözlənilmir.

Bəli, devalvasiya olmayacaq. Amma bu, heç vaxt olmayacaq demək də, deyil.

Top
0.049009084701538