kriminal.az
Gündə neçə stəkan çay içmək olar? - Həkim normanı keçməyin nələrə səbəb olduğundan danışdı

Çay - dadına, ətrinə və faydalı xüsusiyyətlərinə görə dəyərləndirilən dünyanın ən populyar içkilərindən biridir. Lakin hər bir məhsulda olduğu kimi, çaydan sui-istifadə də sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı qastroenteroloq Olqa Yevlaşeva xəbərdarlıq edib.

O, çayın hansı miqdarının təhlükəsiz olduğunu və hansı əlamətlərin kofein dozasının aşmasına işarə edə biləcəyindən danışıb.

Həkimin sözlərinə görə, gündə 3-4 fincanı (710-950 ml) keçməyən çay qəbulu əksər insanlar üçün təhlükəsizdir. Lakin bu normanı keçmək (xüsusilə tünd çay içənlərə aiddir) onun tərkibindəki yüksək kofein tərkibi ilə əlaqədar bəzi mənfi təsirlərə səbəb ola bilər.

"Çay yarpaqları təbii olaraq kofein ehtiva edir. Bir orta fincan çayda (240 ml) kofeinin miqdarı növündən və dəmləmə üsulundan asılı olaraq 11-61 mq arasında dəyişir".

Həkim bildirib ki, orqanizmdə kofein artıqlığı yuxu pozğunluğu, narahatlıq və təşviş hissi, baş ağrısı və başgicəllənmə kimi əlamətlərlə özünü göstərə bilər.

"Əgər yuxunuzun keyfiyyətinin pisləşdiyini hiss edirsinizsə, qidalanmada, o cümlədən çaydan qəbul edilən kofein miqdarına diqqət yetirin. İnsanlar kofeini müxtəlif sürətlə metabolizə edir, buna görə onun yuxu rejiminə təsiri ayrı-ayrı insanlarda fərqli olur və dəqiq proqnozlaşdırmaq çətindir", - deyə həkim bildirib.

"Araşdırmalar göstərir ki, gündə 200 mq-dan az kofein dozası əksər insanlarda əhəmiyyətli narahatlıq hissi yaratmır, lakin hətta bu qədər miqdar yatmazdan 6 saat əvvəl qəbul edildikdə yuxunun keyfiyyətini poza bilər", - deyə o, sözlərini yekunlaşdırıb.

Top
0.049882888793945