İranın İsrailin son hücumuna cavabı noyabrın 5-də, ABŞ-də keçiriləcək prezident seçkisindən əvvəl baş verə bilər.
Kriminal.Az xəbər verir ki, bu barədə "CNN" mənbələrə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, İranın İsrailin təcavüzünə cavabı qəti və ağrılı olacaq. O əlavə edib ki, cavab tədbirləri çox güman ki, prezident seçkisi gününə qədər baş tutacaq.
Qeyd olunur ki, bu, Tehranın İsrailin hücumunun ciddiliyini bildirməmək kimi ilkin strategiyasından əl çəkdiyini göstərir.
Xatırladaq ki, oktyabrın 26-da İsrail Müdafiə Ordusu çoxsaylı davamlı hücumlara cavab olaraq İran daxilindəki hərbi obyektlərə zərbələr endirib. İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin yaydığı bəyanatda İlam, Tehran və Xuzistan əyalətlərində hərbi hədəflərə zərbələr endirildiyi bildirilib. İsrailin zərbələri nəticəsində azı dörd İran əsgəri və bir mülki şəxs həlak olub.