"Həyat yoldaşı tərəfindən ayağına tüpürcək inyeksiya edilən Ruhiyyə Mahmudovaya hələ də əlilliyə görə müavinət təyin olunmayıb".
Bu barədə Kriminal.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Sədr bildirib ki, Ruhiyyə Mahmudova Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əlillik təyinatının aparılması üçün yoxlanışdan keçdikdən sonra rədd cavabı gəlib:
"Qadın iki il yarımdır, yataq xəstəsidir. Ona yataq xəstəsi də demək olmaz, oturmuş vəziyyətdə qalır. Həyatı bu vəziyyətdə keçir. Onun ayağındakı yaralar heç vaxt keçməyəcək. Onun ayağına dəri köçürülməlidir. Artıq sümüklərində nazilmə gedir. Dəri köçürülməsə, amputasiya edilməlidir. Onun barəsində məndə epikriz var.
Ruhiyyənin, həmçinin, əqli geriliyi var. Ona anası baxıb. Lakin ananın da, qardaşın da əqli geriliyi var. Bu müddət ərzində Kürdəmir Rayon İcra Hakimiyyəti onunla maraqlanmayıb, lazımi tədbirləri görməyib. Onların maddi vəziyyəti də çox pisdir. Qadına əlillik təyinatının aparılması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinədən də keçib. Lakin buna baxmayaraq, əlillik hələ də təyin olunmayıb. Bizə bununla bağlı rədd cavabı gəlmişdi. Səbəbini soruşanda şifahi olaraq bildirildi ki, müayinəsi yanlış olub. Əgər yanlışdırsa, bu şəxs yenidən müayinə edilməlidir də. Onun ayaqları məgər yenidən bərpa olunacaq? Ailə marginaldır, əqli gerilik var deyə hər şeydən təcrid etmək lazım deyil".
K.Ağazadə qeyd edib ki, Ruhiyyə Mahmudovanın uşağının qəyyumluğu da ona verilmir:
"Uşağı himayəmizə götürdüyümüz vaxtdan ona qəyyumluq etmək üçün Kürdəmir Rayon İcra Hakimiyyətinin Övladlığa götürmə, qəyyumluq və himayəçilik komissiyasına müraciət etdik. Lakin bizə imtina cavabı gəldi. İmtina səbəbi kimi bizim Bakıda yerləşməyimiz göstərilərək Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etməyimiz söyləndi. Binəqədi Rayon İcra Hakimiyyətindən isə Ruhiyyənin Kürdəmir rayonunda yaşadığına görə ərazi üzrə icra hakimiyyətinin bunu etməli olduğu bildirildi. Ananın özü də Kürdəmir Rayon İcra Hakimiyyətinə müraciət etmişdi. Onun həm şifahi, həm də yazılı razılığı var ki, uşaq sığınacaqda qaldığı müddətdə mənim himayəmə verilsin".
Sözügedən məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən cavab almağa cəhd etsək də, zənglərimizə baxan olmadı, müraciətlərimiz cavabsız qaldı.
Həmçinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə də sorğu ünvanladıq.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov Kriminal.Az-a açıqlamasında bildirdi ki, agentliyin həkim-eksperti tərəfindən Ruhiyyə Mahmudovanın əyani müayinəsi aparılacaq və nəticəsinə uyğun müvafiq qərar veriləcək:
"Kürdəmir rayon sakini, 1988-ci il təvəllüdlü Mahmudova Ruhiyyə Aydın qızı ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən "forma-88" göndərişində ekspertiza üçün önəmli məlumatlar ətraflı qeyd edilmədiyinə görə elektron sistem üzərindən onun əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb.
Ona görə də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən Ruhiyyə Süleymanovanın əyani müayinəsi aparılacaq və nəticəsinə uyğun müvafiq qərar veriləcək".
Xatırladaq ki, Ruhiyyə Mahmudovanın indiki durumuna səbəb olan hadisə ötən ilin avqust ayında baş verib. Həyat yoldaşının öz tüpürcəyini Ruhiyyənin ayağına şprislə yeritməsindən sonra qadının ayağında yaralar əmələ gəlib, o, yerimək qabiliyyətini itirib. Ruhiyyənin bir uşağının da boğularaq öldürüldüyü bildirilir.
Aygün Mirakif