Bakıda keçirilən cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub.
Kriminal.Az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışda qadınlar arasında 7, kişilər arasında isə 9 komanda kubok uğrunda mübarizə aparıb.
Qadınların yarışında -52, -57, -63, -70 və +70 kiloqram, kişilərin yarışında -66, -73, -81, -90 və +90 kiloqram çəki dərəcələrində ümumilikdə 104 cüdoçu gücünü sınayıb.
Qadınlar arasında bürünc medal uğrunda görüşlərdə "Neftçi" İdman Klubu (2) 3:0 hesabı ilə "Umbayev Sport Klub"a, "Cüdo Klub 2012" 3:1 hesabı ilə "Azəri-Cüdo İdman Klubu"na qalib gəlib. Final görüşü "Neftçi" İdman Klubu (1) ilə Şuşa UGİM arasında keçirilib. Şuşa UGİM 3:1 hesabı ilə qalib gələrək qadınlar arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
Kişilər arasında bürünc medal uğrunda görüşlərdə Neftçi İdman Klubu (1) 3:0 hesabı ilə "Neftçi" İdman Klubuna (1), "Kanokan TT" İdman Klubu 3:1 hesabı ilə "Sərhədçi" İdman Mərkəzinə qalib gəlib. Final görüşü "Cüdo Klub 2012" ilə "Atilla" İdman Klubu arasında keçirilib. "Cüdo Klub 2012" 3:1 hesabı ilə qalib gələrək kişilər arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.