"Azərbaycanın başlıca sərvəti insan kapitalıdır. Onun isə hərəkətverici qüvvəsi gənclər və uşaqlardır. Azərbaycan gənc xalqdır. Uşaqlar bizim gələcəyimizdir, milli-mənəvi dəyərlərimizin daşıyıcılarıdır".
Kriminal.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, əvvəlki forumlarda uşaqların səsləndirdiyi təkliflər qanunlarda artıq əksini tapıb:
"5-ci forumda uşaqlar aktiv olmaq üçün müvafiq şəbəkənin təsis olunmasını təklif etmişdilər. 2020-ci ildən etibarən bu istiqamətdə Uşaq Səfirlər Məclisi yaradıldı. Uşaqlar haqlı olaraq bəzi kütləvi informasiya vasitələrində uşaqlara dair hüquq pozuntuları ilə bağlı məlumatların tirajlanmasının uşaq hüquqlarının pozulması kimi dəyərləndirmişdilər. Sözügedən istiqamətdə 3 il ərzində müvafiq qurumlar, media orqanları ilə aktiv işlər, təlimlər apardıq. Artıq müəyyən qaydalar yaranıb, amma yenə də mənfi nüanslar qalmaqdadır".
B.Muradova əlavə edib ki, uşaqlara qarşı qəddarlıq kadrlarının yayılması və məlumatların dərc edilməsinin qarşısının alınması ilə bağlı bu yaxınlarda Milli Məclisdə qanun layihəsi öz əksini tapacaq.
Məhərrəm Əliyev