"Azərbaycan təhsil sistemində iki milyona yaxın uşaq təhsil alır, 200 mindən çox müəllim isə təhsil verir. Azərbaycan təhsilinin qarşısında olan əsas məqsədlərdən biri də Azərbaycan kimliyini, tarixini qorumaqdır. Biz əmin olmalıyıq ki, yeni nəsil öz kimliyini yaxşı biləcək, zamanın tələblərinə uyğunlaşmış adət-ənənələrinə sadiq qalacaq".
Kriminal.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, uşaqlar qeyri-milli elementlərlə daha çox rastlaşırlar:
"Milli kimliyi qorumaq uşaqların, gənclərin mənəvi borcudur. Elm və Təhsil Nazirliyi tərəfindən ən vacib məqamlardan biri qız uşaqlarının təhsilidir. Azyaşlı, yeniyetmə yaşlı qızların təhsili gələcək anaların təhsilidir. Gələcək anaların təhsil alması isə bizim güclü millət kimi formalaşmağımızda mühüm rol oynayır. Son 10 ildə 4-cü siniflərin sonunda qızların nəticələrinin oğlanların nəticələrindən daha yaxşı olduğunu görürük. 15 yaşında isə görürük ki, oğlanların nəticələri qızları üstələyir. Çünki 10-15 yaş dövründə qızlara olan münasibət, sosial məsələlər bu reallığı ortaya çıxarır. Az hallarda olsa da, erkən nikah, təhsildən yayınma halları da mövcuddur. Qonşuların qınağı ilə belə, bu məsələni həll etmək olar. Ətrafda olan hər bir insan başa düşməlidir ki, azyaşlı qızı ərə vermək olmaz".
Nazir əlavə edib ki, inklüziv təhsillə bağlı görüləcək işlər çoxdur.
E.Əmrullayev, həmçinin, qeyd edib ki, Azərbaycanın hazırda təhsilalanları əvvəlki nəsildən daha bacarıqlıdır və yeni nəslin orta göstəriciləri daha yaxşıdır:
"Ola bilsin ki, yeni nəslin riyazi bacarıqları daha yaxşı olacaq. Bu uşaqlar Azərbaycan dilində aydın danışacaqlar, bu - bizim azyaşlı uşaqların qarşısında duran vacib məsələlərdən biridir".
Məhərrəm Əliyev