kriminal.az
Xətai rayonunda özbaşınalıq: Yararsız təkərlərlə yolu bağlayan sahibkara ciddi xəbərdarlıq edildi

Xətai rayonunda yerləşən mərasim evlərindən birinin sahibi tərəfindən yolun bir hissəsinin qanunsuz zəbt edilməsi ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.

Kriminal.Az-a şikayət ünvanlayan sakinlər bildiriblər ki, sahibkarın bu əməli nəticəsində avtomobillərini park etmək üçün ciddi çətinliklərlə üzləşirlər.

"Kamran Əsgərli və Sədi Musayev küçələrinin kəsişməsindəki mərasim evinin sahibi yolun kənarına yararsız təkərlər düzərək ərazini zəbt edib və heç kimə avtomobilini saxlamağa icazə vermir. Dəfələrlə aidiyyəti qurumlara şikayət edilsə də, uzun müddətdir ki, heç bir nəticə yoxdur", - şikayətdə qeyd olunub.

Məsələ ilə bağlı Kriminal.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində sözügedən ərazidə maneələr aradan qaldırılıb.

"Əməkdaşlarımız tərəfindən lazımi tədbirlər görülüb və sürücülərin nəqliyyat vasitələrini rahat park edə bilmələri üçün şərait yaradılıb", - deyə T.Nəsirli qeyd edib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Kriminal.Az-ın sorğusuna cavab olaraq ərazinin maneələrdən təmizləndiyi diqqətə çatdırılıb.

"Xətai rayonunda Kamran Əsgərli və Sədi Musayev küçəsinin kəsişməsindəki əraziyə AYNA əməkdaşları tərəfindən baxış keçirilib. Yolun bir hissəsini kustar üsullarla zəbt edən sahibkara ciddi xəbərdarlıq edilib. Ərazinin maneələrdən təmizlənməsi təmin edilib".

Əzizə İsmayılova

Top
0.043610095977783