Bəşər Əsədin devrilməsindən sonra İsrailin "Mossad" kəşfiyyat xidməti 1967-ci ildə "6 günlük müharibə"də qələbə əldə edilməsinə nail olan məşhur casus Eli Koenin məxfi sənədlərini və nəşini Suriyada axtarmağa başlayıb.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Haber Global" nəşrində dərc edilən materialda bəhs edilib.
Məlumata görə, "Mossad" rəhbəri David Barnea Koenin nəşinin əldə edilməsi üçün Suriyada Əbu Məhəmməd əl-Culani hökuməti ilə danışıqlar aparır, agentlər isə məxfi sənədləri gizli yolla ələ keçirməyə çalışırlar.
"Hermon dağını işğal edən İsrail indi də tarixinin ən məşhur agenti Eli Koenin Dəməşqdə saxlanılan sənədlərini əldə etməyə çalışır. Tanınmış qlobal kəşfiyyat xəbər nəşri olan "Intel News"un İsrail hökumət mənbələrindən əldə etdiyi məlumata görə, "Mossad"la yanaşı, hərbi kəşfiyyat ("Aman") və daxili kəşfiyyat xidmətinin ("Şin-Bet") birgə qurduqları xüsusi qrup Eli Koenin qalıqları üçün səfərbər olub. Həmçinin İsrail Baş naziri Benyamin Netanyahunun da əməliyyatın təşkili və idarə olunmasını üzərinə götürən "Mossad"a tam səlahiyyət verdiyi, kəşfiyyat birliklərinin Koenin məzarının ölkəyə gətirilməsi üçün işlər apardığı bildirilir. Kulislərdən gələn məlumata görə, Culani hökuməti ilə danışıqları birbaşa "Mossad" direktoru David Barnea aparır", - deyə materialda bildirilib.
Yazıda qeyd edildiyinə görə, Eli Koen 1967-ci ildə İsrail ilə Misir-İordaniya və Suriya arasında Təl-Əvivin mütləq üstünlüyü ilə nəticələnən "6 günlük müharibə"də qalibiyyət əldə edilməsinə təkbaşına müvəffəq olan agent kimi tanınır.
Eliyahu Eli Koen 1924-cü ildə İsgəndəriyyədə Misirdən olan yəhudi ailədə dünyaya gəlib və gənc yaşlarında misirli yəhudilərin İsrailə keçməsinə kömək edən gizli cəmiyyətdə çalışıb. 1956-cı il Süveyş böhranından sonra İsraildə məskunlaşan Koen 4 il sonra "Mossad"da agent kimi işə başlayıb. Ərəbcə ana dili kimi danışan Koenə "Kemal Amin Thabet" adı ilə suriyalı iş adamının şəxsiyyət vəsiqəsi verilib və Argentinadakı suriyalıların arasına qarışması üçün Buenos-Ayresə göndərilib.
Koen burada qurduğu ətrafı ilə Dəməşqə gedib, ölkənin aparıcı iş adamları və siyasətçiləri ilə görüşüb. Bu dövrdə tanış olduğu ordunun nüfuzlu simalarından olan polkovnik Əmin əl-Hafiz isə Suriyada "Baas" Partiyasının üzvləri ilə birlikdə çevriliş edərək hökuməti ələ keçirib və ölkənin 16-cı prezidenti seçilib. Koen əl-Hafizə ən yaxın adlardan birinə çevrilib və bir müddət onun adı, hətta Müdafiə Nazirliyi üçün də hallanıb.
Eli Koen bu dövrdə Suriyanın döyüş planları, Colan təpələrindəki hazırlıqları və ordu sxemi barədə məlumatlar əldə edib, evində gizlətdiyi radioötürücü ilə onları İsrailə ötürməyə başlayıb. Koen Suriya əsgərlərini yandırıcı günəşdən qorunmaları üçün cəbhə xəttində ağaclar əkdirib və bu ağaclar müharibədə İsrail ordusu üçün hədəfə çevrilib. Müharibədə uduzan və casusluqdan şübhələnən Suriya hökuməti Sovet İttifaqına məxsus texniki cihazlarla Dəməşq ərazisində radiotezlikləri izləyərək Koeni ələ keçirib. Uzun sorğu-suallardan sonra Koen meydanda asılaraq edam edilib.
Suriya Dövlət Məxfi Arxivindəki Koenə aid sənədlər kritik hesab edilir və onun nəşinin də ölkəyə gətirilməsi üçün səylər göstərilir. "Mossad" daha əvvəl həyata keçirdiyi əməliyyat nəticəsində Koenin qol saatını ölkəyə gətirib və bu saat hələ də təşkilatın qərargahında nümayiş etdirilir. Suriya isə "Baas" dövründə mümkün "Mossad" əməliyyatına qarşı Koenin dəfn yerini tez-tez dəyişdirməyə davam edib. Aprel ayında Əsəd hökumətinin Koenin cənazəsini ölkədən gedən Rusiya nümayəndə heyətinə təhvil verdiyi iddia edilsə də, bu xəbər təsdiqini tapmayıb.