Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi Fransanın ünvanına yeni bəyanat yayaraq, Türkiyə ilə birlikdə ölkənin hava məkanının pozulmasınınqarşısını almağa hazır olduğu barədə Parisə xəbərdarlıq edib.
Kriminal.Az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin saytında verilən məlumatda bildirilir.
Bəyanat Cənubi Kirpin Fransa Hərbi Hava Qüvvələrinə adanın şimalı üzərində uçuşlara icazə verməsi xəbərindən sonra yayılıb.
"Cənubi Kipr Müdafiə Nazirliyinin Şimali Kipr üzərində uçuş icazəsi ilə bağlı açıqlaması açıq-aşkar düşüncəsizliyin təzahürüdür. 1977-ci ildən bəri Şimali Kipr üzərində bütün aviasiya uçuşları "Ercan" Hava Hərəkətinin İdarəetmə Mərkəzi tərəfindən tənzimlənir. Bu Mərkəzin funksiyalarına zidd olan hər hansı hərəkətlər çox təhlükəli və qanunsuzdur. Təəssüf ki, Fransa kimi dövlətlər Kipr yunanları ilə əlbir olduqları halda, oynadıqları oyunların təhlükəsini tam dərk etmirlər", - Şimali Kipr XİN-in bəyanatında vurğulanır.
XİN vurğulayıb ki, Şimali Kipr Türkiyə ilə birlikdə bu istiqamətdə bütün lazımi tədbirləri görmək hüququnu özündə saxlayacaq və bölgədəki düşüncəsiz hərəkətlərə dözüm göstərməyəcək.