Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev narkotik vasitələrin istehsalı və satışına görə cəzaları ömürlük həbs müddətinə qədər sərtləşdirən qanunu imzalayıb.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə Qazaxıstan liderinin Mətbuat Xidmətindən məlumat verilib.
"Narkotik vasitələrin istehsalına, habelə vəzifəli şəxslər tərəfindən narkotik vasitələrin hazırlanmasına, emalına və istehsalına görə cinayət məsuliyyəti qanunla sərtləşdirilib. İndi bu cinayətlərə görə təqsirkar şəxslərə 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya əmlakı müsadirə olunmaqla ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, qanunda cinayətkar qrupun tərkibində təhsil müəssisələrində, yetkinlik yaşına çatmayanlar arasında narkotik vasitələrin yayılması ilə məşğul olan şəxslərə qarşı əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan sərt sanksiyalar saxlanılıb.
Qanunda, həmçinin, narkotik vasitələrin yayılmasına görə vəzifəli şəxslərin cinayət məsuliyyəti də sərtləşdirilib. Əgər əvvəllər bu cinayətlərə görə onları əmlakı müsadirə olunmaqla 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, indi bu müddət əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək təşkil edir.